🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Asif Nəsirlinin xatirəsinə – HƏMKARI YAZIR

Əziz məsləkdaşım Asif Nəsirliyə qarşı edilən terrorun ilk günlərində dəhşət içində “bəlkə yaşayar” deyə ümid etdim, gözlədim.

Təəssüf ki, yaşamadı. Biz dəyərli insanı, əvəzsiz həkimimizi itirdik. Onun 44 günlük Vətən Müharibəsindəki fədakarlığını bir daha xatırladım. Əvvəlcə onu qeyd edim ki, Asif doktorun həyatıına son qoyan qazi deyil. Bunu da dəqiq araşdırmışam.

… Vətən Müharibəsində TƏBİB-in mərkəzi binasında müharibə ilə əlaqədar bütün tibbi işlər üçün koordinasiya mərkəzi qurulmuşdu. Müharibənin ilk günündən mənim vəzifəm ixtisas üzrə mütəxəssis həkimlərin yaralılara ən tez müdaxilə edilə biləcək formada cəbhə bölgəsindəki xəstəxanalara yerləşdirilməsi idi.

Çox qürurla deyə bilərəm ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq, bütün məsləkdaşlarım bir zənglə 4-5 saat içində döyüş bölgəsindəki xəstəxanalarda hazır olub, işə başlayırdılar.

Müharibənin ilk günlərində rəhmətlik Asif Nəsirli mənə zəng vurdu, döyüş bölgəsində işləmək istədiyini dedi. İxtisasına görə, ona müharibə bölgəsində ehtiyac olmasa da, o kömək eləmək istədiyini bildirib, israr etdi.

Ona Bakıdan yola düşən təcili yardım maşınlarından birindəki həkim yoldaşımızın nömrəsini göndərdim, tibbi və günlük ehtiyacların çatdırılmasını koordinasiya etməyi xahiş etdim. Asif həkim müharibə bitənə qədər bizimlə oldu, bu işlərin koordinasiya edilməsində iştirak etdi.

Müharibədən sonra YAŞAT Fondu vasitəsi ilə qazilərin həkimlərlə əlaqələndirilməsində də Asif həkim var gücü ilə işlədi.

Vətən Muharibəsində mən hər bir həkimimizin Qəhrəman kimi necə işlədiyinin, öz sahəsində döyüşdüyünün şahidiyəm.

Mənim üçün Asif Nəsirli qəhrəmandır!

Bu yazını həm də ona görə yazdım ki, sosial mediada bu hadisə ilə çirkin paylaşım edənlərin səhifələrini gözdən keçirdim. Bunların əksəriyyəti xarici agentlərin azərbaycanlı adları ilə açdığı saxta profillərdir. Qalanı da həyatda heç bir uğur qazanmayan, ailəsi daxil heç kimə bir faydası toxunmayan tiplərdir. Pisliklərini davam etdirmək üçün əllərindən gələni edirlər. İyrəncdirlər. Onlar bu ölkəyə faydası olan müəllim, hərbçi, alim, həkim, polis, hakim, elm adamı, iş adamı, sənətkar barəsində davamlı kin qusurlar. Bir hissəsini tanıdığım bu tipləri nə öz ailələri, nə də ətrafları sayır.

Bu ölkə hamımızındır. Bu ölkənin dəyərli insanlarını qorumaq hər birimizin borcudur. Belə dəyərli insanların yetişməsi çox çətin, yorucu, həm də uzun prosesdir.

Mən Asifin atasının naləsini, fəryadını izlədim, yanğısını ürəyimdə hiss etdim. Asif kimi oğlu itirmək, bununla barışmaq çox çətindir. Allah atasına və ailəsinə səbr versin!

 

Firdovsi İbrahimov,

Tibb elmləri doktoru, professor

Mənbə: Azərbaycan.media