Azərbaycan.media xəbər verir ki, Xalq artisti Arif Babayev ilə bağlı qəbirüstü abidəsində yazılan “Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələrə rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı çıxış edən Prof. Dr. Zaur Əliyev qeyd edib ki, Arif Babayev 1996-cı ildə xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkarlardan biridir və bu, həmin sahənin akademik səviyyədə tanınmasında mühüm addım olub.
O bildirib ki, bu status muğam ifaçılığının elmi əsaslarla tədrisi və rəsmiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan musiqi tarixində daha əvvəl də professor adları verilmiş sənətkarlar olub. Bu sırada Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov və musiqişünas Ramiz Zöhrabov kimi görkəmli şəxslərin adları çəkilir.
Mütəxəssislərin fikrincə, Şərq ölkələrində muğam və klassik musiqi ifaçıları daha çox “ustad” kimi tanınıb, professor titulu isə əsasən akademik musiqi təhsilinə bağlı verilib.
