Azərbaycan.media xəbər verir ki, Böyük Britaniyada Yaxın Şərqdə davam edən münaqişə fonunda kənd təsərrüfatı texnikası sahiblərinə dizel yanacağının satışında məhdudiyyətlər tətbiq olunub.
“The Daily Telegraph” nəşrinin yaydığı məlumata əsasən, Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçıları dizel yanacağının verilməsinə rasionlaşdırma tətbiq etməyə başlayıblar. Bu addım mövcud ehtiyatların daha çox istehlakçı arasında bölüşdürülməsini təmin etmək məqsədi daşıyır.
“Anglia Farmers” şirkətinin sözçüsü Patrik Krehan bildirib ki, artan tələbat fonunda sifarişlərin həcmi azaldılıb. Onun sözlərinə görə, əvvəl bir fermerə 10 ton dizel verildiyi halda, indi eyni həcmdə yanacaq bir neçə fermer arasında bölüşdürülərək hər birinə təxminən 2 ton çatdırılır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə İcmalar Palatasında çıxışı zamanı qeyd edib ki, Yaxın Şərqdəki gərginliyə baxmayaraq, ölkədə enerji təchizatı ilə bağlı ciddi narahatlıq yoxdur. O vurğulayıb ki, hökumət mümkün riskləri nəzərə alaraq, münaqişənin uzun müddət davam etməsi ehtimalına uyğun planlar hazırlayır.
