🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistan ABŞ-İran danışıqları üçün vasitəçi olmağa hazırdır

Azərbaycan.media xəbər verir ki, Report-un məlumatına görə, Pakistan ABŞ ilə İran arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Bildirilib ki, Pakistanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Tahir Hüseyn Əndrabi CNN telekanalına müsahibəsində qeyd edib ki, tərəflərin razılığı olduğu halda, ölkəsi istənilən vaxt danışıqlar prosesini təşkil edə bilər.
Məlumata görə, daha əvvəl Pakistan hakimiyyəti İran hökuməti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, eləcə də Amerika liderinin kürəkəni Cared Kuşner arasında gizli mesaj mübadiləsinin təşkilinə dəstək verib.
Qeyd edək ki, Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqton və Tehran arasında razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, tərəflər Yaxın Şərqdə münaqişənin “tam nizamlanması” istiqamətində kifayət qədər yaxşı danışıqlar aparıblar.
Bununla yanaşı, İran tərəfi ABŞ ilə birbaşa təmasların olmadığını iddia edir.
Xatırladaq ki, regionda gərginlik 28 fevral tarixində ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatından sonra artıb. Bundan sonra İsrail Müdafiə Qüvvələri ilə Hizbullah arasında qarşıdurma yenidən başlayıb, İran isə İsrail ərazisinə raket zərbələri endirib. Eyni zamanda, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarını hədəfə alıb.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bəzi ölkələr hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xameneinin öldürüldüyü barədə məlumat yayılıb.