Azərbaycan.media xəbər verir ki, Modern.az-ın məlumatına görə, martın 23-də Braziliyanın xarici işlər naziri Mauro Vieyra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.
Məlumata əsasən, danışıq zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlıq, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, həmçinin Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Nazirlər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və bu çərçivədə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi, eləcə də COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.
Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı həmrəyliyini ifadə edib. Həmçinin Braziliya naziri mövcud təhlükəsizlik şəraitində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
