Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir.
Deputat qeyd edib ki, bu sənəd Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin qurulmasına zəmin yaradır. Onun sözlərinə görə, prioritetlərdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır və bu, gəlirlərin ədalətli bölgüsünü, aşağıgəlirli əhalinin rifahının artırılmasını nəzərdə tutur.
V.Rəhimzadə vurğulayıb ki, qeyri-formal məşğulluğun azaldılması, gəlirlərin leqallaşdırılması və sosialyönümlü bazar iqtisadiyyatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. O əlavə edib ki, idarəetmə sistemində təkmilləşmə, gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi və kadr hazırlığı da mühüm çağırışlar sırasındadır.
Deputat Azərbaycanın islahatlar ölkəsi kimi nüfuz qazandığını bildirərək “ASAN xidmət” və DOST layihələrinin uğurlu icrasını xüsusi qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüslər vətəndaş məmnunluğunun artırılmasına xidmət edir və beynəlxalq səviyyədə maraqla qarşılanır.
Açıqlamada bildirilib ki, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi institusional islahatların davamıdır. Yeni model vahid, şəffaf və nəticəyönümlü əməkhaqqı strukturunun formalaşdırılmasını, əlavələrin baza maaşına daxil edilməsini nəzərdə tutur.
Deputat qeyd edib ki, bu dəyişikliklər maliyyə intizamının gücləndirilməsinə, şəffaflığın artırılmasına və ictimai nəzarətin genişlənməsinə xidmət edir. Eyni zamanda, yeni əməkhaqqı sistemi gənc və peşəkar kadrların dövlət qulluğuna cəlb olunmasını stimullaşdıracaq.
Sonda vurğulanıb ki, həyata keçirilən islahatlar Azərbaycanın sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir, dövlət idarəçiliyində səmərəliliyin və ədalət prinsipinin təmin olunmasına şərait yaradır.
