Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda fəaliyyət göstərən Aşıq Şəmşir adına musiqi məktəbi və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Şəmşşirin anadan olmasının 133-cü ildönümü münasibətilə onun büstü önündə anım tədbiri keçirilib.
Tədbirdə Göygöl rayon musiqi məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin zəngin yaradıcılığından ətraflı bəhs edərək, onun bütün dövrlərdə aşıq sənətinə verdiyi töhfələr və aldığı dövlət mükafatlarını qeyd ediblər.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2003-cü ildə Aşıq Şəmşirin 115 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, Göygöl rayonundakı musiqi məktəbinə onun adı verilib və büstü ucaldılıb. Bu ənənə bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və sənətkarın 125 illik yubileyi yüksək səviyyədə qeyd olunub.
Tədbirdə həmçinin vurğulanıb ki, aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi olaraq, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanin təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Anım mərasimində qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunub və Aşıq Şəmşirin doğma yurdu da azadlığa qovuşub. Gələcəkdə həmin torpaqlarda sənətkarın adına saz-söz bayramlarının keçiriləcəyi bildirilib.
Tədbir musiqi məktəbinin müəllim və şagirdlərinin Aşıq Şəmşirin şeirlərini səsləndirməsi və saz ifaları ilə başa çatıb.
