🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluqda süni intellekt tətbiqini genişləndirir

Azərbaycan.media xəbər verir ki, əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır.

Nazirlikdən bildirilib ki, bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sistemi yaradılacaq. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsi, iş təcrübəsi, bacarıqları və maraqlarını nəzərə alaraq ona uyğun vakansiyaları avtomatik şəkildə təklif edəcək.

Sistemin işləmə mexanizminə görə, istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli bu məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq. Nəticədə vətəndaşlara ən uyğun vakansiyalar, məsələn, “Sizə uyğun ola biləcək 5 vakansiya” formatında təqdim olunacaq.

Nazirlik qeyd edib ki, bu tətbiq iş axtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Eyni zamanda sistem işəgötürənlər üçün uyğun namizədlərin operativ müəyyənləşdirilməsini təmin edəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.