Bəzən elə sənətkarlar olur ki, onların adı geniş kütləyə hər zaman tanış olmaya bilər, lakin yaratdıqları musiqi insanın yaddaşında və ruhunda silinməz iz buraxır. Mənim üçün belə sənətkarlardan biri də bəstəkar Natiq Qəzənfəroğludur.
Onun musiqisini hər dəfə dinləyəndə sanki ayrı bir dünyaya daxil oluram. Bir neçə notdan başlayan melodiyalar daxilimdə uzun bir səyahətə çıxır, keçmişlə indini, xatirələrlə həsrəti bir araya gətirir. Onun bəstələrində sadəcə söz və melodiya deyil, bir insanın ruhu, duyğuları və zamanla qurduğu görünməz körpülər yaşayır.
Mən hər dəfə “Mələyim” mahnısını dinləyəndə, sanki hər notda bir hekayə, hər vokal xəttində isə insanın daxili dünyasını hiss edirəm. Bu musiqi səssiz, lakin təsirli; sakit, amma qəlbdə uzun müddət əks-səda verən bir sənət nümunəsi kimi yadda qalır.
Həyatı və yaradıcılığı
Natiq Qəzənfəroğlu 12 mart 1967-ci ildə Bakıda dünyaya gəlib. Musiqiyə olan marağı onun həyat yolunu çox erkən yaşlardan müəyyənləşdirib. Onun əsərlərini dinləyərkən aydın hiss edirəm ki, hər bir bəstədə həm texniki dəqiqlik, həm də güclü emosional yük mövcuddur. Onun yaradıcılığı yalnız melodiyalardan ibarət deyil; hər bir səs qatında bir duyğu, hər bir harmoniyada bir düşüncə var. “Mən getdim salamat qal” mahnısını dinləyəndə sanki insan öz xatirələri ilə üz-üzə qalır. Melodiya insanı düşüncələrə aparır, yaddaşın dərin qatlarını oyadır. Mən bu mahnını hər dəfə dinləyəndə sanki öz həyatımın müəyyən anlarını onun səsinin və musiqisinin içində görürəm.
Natiq Qəzənfəroğlunun bəstəkarlıq üslubu maraqlı bir sintez təşkil edir. O, Azərbaycan musiqi ənənələrini müasir musiqi elementləri ilə ustalıqla birləşdirə bilir. Bu isə onun yaradıcılığını həm klassik musiqi sevərləri, həm də müasir dinləyici üçün cəlbedici edir. Mən xüsusilə onun aranjımanlarına heyranam. Natiq müəllimin aranjmanlarında hər detalın düşünülmüş olduğu hiss olunur. Vokal xəttlərinin harmoniyada yerləşdirilməsi, alətlərin seçimi və musiqi qatlarının balansı onun peşəkar yanaşmasının göstəricisidir. Bu baxımdan onun musiqisini dinləyərkən yalnız melodiyanı deyil, həm də bütöv bir musiqi memarlığını görmək mümkündür.
Film, serial musiqisi və layihələr
Kino musiqisinə böyük marağı olan Natiq Qəzənfəroğlu bir neçə seriala və filmə musiqi bəstələyib. O, xüsusilə Faiq Kərimoğlunun 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Zəfər” filmində yazdığı musiqinin filmin ruhuna uyğun olduğunu qeyd edir.

Həmçinin “Bəyaz Həyat”, “Günəşim ol”, “Sən olmasaydın”, “Kişiləri qoruyun” və “Zəng” kimi layihələrdə də musiqi bəstələyib.
Bəstəkarın yaradıcılığı təkcə mahnılarla məhdudlaşmır. O, müxtəlif film və serial layihələrində də iştirak edib. “Bəyaz Həyat”, “Kişiləri Qoruyun”, “100 Kağız” və “Günəşim Ol” kimi ekran işlərində istifadə olunan musiqilər süjetin emosional atmosferini gücləndirən mühüm elementlərdən birinə çevrilib. Mən həmin layihələrdən birində onun musiqisinin səhnəyə gətirdiyi dərinliyi izləyərkən anladım ki, o, sadəcə notları yazmır, həm də hissləri idarə edir.
Qəzənfəroğlunun yaradıcılığında diqqət çəkən məqamlardan biri də sadə melodiyalarda dərin emosional qatların mövcudluğudur. Onun bəstələrini analiz edərkən görürəm ki, mürəkkəb simfonik strukturlardan daha çox, duyğuların səs dili ilə ifadəsi ön plana çıxır. Hər bir melodiyada insanın daxili dünyasına toxunan incə bir xətt var. Onun youtube platformasında paylaşdığı videolar isə yaradıcılığının başqa bir tərəfini nümayiş etdirir.
Bu videolarda həm müxtəlif ifalar, həm yeni aranjımanlar, həm də canlı performanslar yer alır. Mən onun musiqi əsərlərini hər dəfə dinləyəndə səhnədə musiqinin necə bir enerji yaratdığını açıq şəkildə hiss etdim. Həmin an anladım ki, musiqi yalnız səslərdən ibarət deyil, o həm də bir atmosferdir.
Digər tərəfdən, bəstəkar öz əsərlərinə zaman-zaman yeni yanaşmalar da gətirir. Məsələn, “Darıxıram sənin üçün” mahnısının fərqli aranjıman versiyalarını dinləyəndə melodiyanın necə başqa emosional çalarlara büründüyünü görmək mümkündür. Bu isə musiqinin zamanla dəyişən, inkişaf edən canlı bir sənət olduğunu bir daha göstərir.
Natiq Qəzənfəroğlu yaradıcılığı insanın daxili aləmindən gələn proses kimi təsvir edir:
“Mən daim müəyyən yaradıcılıq işləri ilə məşğulam. Yaradıcılığım davam edir və müğənnilər müraciət edəndə çalışıram ki, onların zövqünə uyğun musiqilər yazım, amma öz xəttimdən çıxmamaq şərti ilə.”
Efir mövzusuna gəlincə, Natiq müəllim qeyd edir ki, son dövrlər az görünməsinin ciddi səbəbi yoxdur:
“Əgər televiziyadan və ya radiodan dəvət alıramsa, heç vaxt etiraz etmirəm. Məmnuniyyətlə görüşə gedirəm. Ümumiyyətlə, televiziyalara və radiolara böyük hörmətim var, çünki özüm də vaxtilə Azərbaycan Televiziyasında və Radiosunda çalışmışam.”
Bəstəkarın sözlərinə görə, efirlərdə görünməməsinin əsas səbəbi onun musiqi xəttinin müasir pop və estrada janrlarından fərqlənməsidir:
“Mən özümü orta nəsil bəstəkarı hesab edirəm. Hər nəsil öz xətti ilə musiqi tarixində iz qoyur və mən də çalışıram ki, bu prosesdə boşluq yaranmasın.”
Melodiya toxunulmazlığı və musiqi mədəniyyəti
Natiq Qəzənfəroğlu müğənnilərin bəstəkar melodiyasına müdaxilə etməsini həssas mövzu kimi qiymətləndirir:
“Melodiya yalnız texniki ardıcıllıq deyil, bəstəkarın daxili aləminin və hisslərinin nəticəsidir. Müğənni melodiyanı dəyişəndə dinləyici artıq bəstəkarın deyil, ifaçının subyektiv müdaxiləsini eşidir. Bu isə əsərin orijinal ruhunu zəiflədə və musiqi mədəniyyətinə zərər verə bilər.”
O əlavə edir ki, aranjimanda yeniliklər etmək mümkündür, amma əsas melodiyanı dəyişmədən:
“Əsas melodiya qorunmalıdır ki, bəstəkarın fikri və hissi olduğu kimi dinləyiciyə çatsın. Bu prinsipi həm müasir estrada, müəllif, həm də xalq mahnılarına tətbiq etmək lazımdır.”
“Son dövrlər bəzi mahnılar Avropa ladları üzərində qurulur, bu qorxulu deyil, amma oxşar harmoniyaların çoxalması musiqini məhdudlaşdıra bilər. Bizim muğam və milli ladlarımızdan daha geniş istifadə olunmalıdır.”
Hər bəstəkarın yaradıcılığında vizit kartına çevrilən əsərlər olduğunu vurğulayan bəstəkar, özünü isə NM qrupunun ifasında məşhurlaşmış “Darıxıram”, “Bəyaz Həyat” serialı üçün yazdığı musiqilər və digər məşhur mahnılarla yadda saxladığını qeyd edir.
Bəstəkarın əsərləri uzun illərdir sevilərək ifa olunur. İlqar Xəyal “Mələyim”, Eyyub Yaqubov bir neçə mahnını, Mikayıl Müşfiqin sözlərinə yazdığı “Maralım” mahnısını səsləndirib.


Yaradıcılıq ilham mənbəyi
Natiq Qəzənfəroğlu yaradıcılıq ilhamını isə bibisi oğlu Xalq rəssamı, professor Arif Əzizdən aldığını söyləyir:

“Onun emalatxanasına getmişəm, iş prosesindən çox şey öyrənmişəm. Yaradıcılıqda ilham mənbəyim odur.”

Natiq Qəzənfəroğlu ilə birlikdə ilahiyyatçı alim Hacı Şahinin xatirəsinə “Haqqın oğlu” adlı kompozisiyanı da hazırlamışıq. Kompozisiyanın sözləri mənə — Fuad Biləsuvarlıya məxsusdur, musiqisi isə Natiq Qəzənfəroğlu tərəfindən bəstələnib.
Əsəri kinomuzun canlı əfsanəsi, Xalq artisti Rasim Balayev qiraət edib.


Sevilən bəstəkar, musiqişünas və aranjımançı Natiq Qəzənfəroğlu çox vətənpərvər insandır. O, Azərbaycanımızı, dövlətimizi və xalqımızı dərin sevgi ilə sevir. Onun Azərbaycana, vətənə, şəhidlərə və Bakıya aid silsilə əsərləri var ki, hamısı dillər əzbərinə çevrilib və vətən tariximizə daxil olub.
O qəbildən olan vətənpərvərlik əsərlərindən biri də “Vətən üçün doğulanlar” kompozisiyasıdır. Musiqisi Natiq Qəzənfəroğluna, sözləri isə mən — Fuad Biləsuvarlıya məxsusdur. Bu əsər 44 günlük Vətən müharibəsinin beşilliyinə, Zəfər gününə həsr olunub.
İfa Xalq artisti, dünya şöhrətli Alim Qasımova, şeirlərin qiraəti isə Xalq artisti Mehriban Zəkiyə məxsusdur.
Kompozisiyanın musiqisi və aranjımanı hər detalına qədər düşünülüb; vokal və instrumental qatlar bir-biri ilə harmonik şəkildə birləşərək dinləyicidə həm qürur, həm də həsrət hissləri oyadır.
Və bu musiqi yalnız notlardan ibarət deyil. Hər bir səslənən akkord, hər bir vokal xətti sanki Vətənin ruhunu qulaqlarımıza, ürəklərimizə və yaddaşımıza daşıyır. Dinləyən hər kəs bir anlıq hiss edir ki, bu əsər yalnız bir mahnı deyil — bu, Azərbaycanın qürur dolu melodiyasıdır, hər birimiz üçün bir vətən sevgisi əfsanəsidir.


AYB və AJB üzvü,
Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
