🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Məftun Səfərli: “Muğam nəinki Azərbaycan musiqisinin, həm də dünya musiqisinin vizit kartıdır.”

Azərbaycan muğam sənətinin inkişafı naminə gənc xanəndələr bu gün böyük həvəslə çalışırlar. Onlar muğamımızı layiqincə dünyada tanıdırlar. Bu günkü müsahibim də böyük istedad sahibi olan gənc xanəndələrdəndir.
O, Azərbaycan və Beynəlxalq Muğam Televiziya müsabiqələrinin qaliblərindən biri, Azərbaycanın və Özbəkistanın Xalq artisti, qüdrətli sənətkar Gülyanaq Məmmədovanın tələbəsi olmuş xanəndə Məftun Səfərlidir.

Bu yerdə böyük sənətkarımız, xanəndə və qəzəlxan, Xalq artisti Hacıbaba Hüseynovun bu beytləri yadıma düşür:

“Arzumdur vətənimdə yaşayan hər bir kəs
Qəzələ, musiqiyə, şeirə həvəskar olsun.

Ey cavanlar, sizi Tanrı, sizə canım qurban,
Qoymayın siz bu muğamatımızı xar olsun.”

Ruhunuz şad olsun, ustad! O dünyanızda rahat uyuyun.
Məftun Səfərli kimi istedadlı gənc xanəndələr sizin kimi ustadların bu arzusunu yalnız vətənimizdə deyil, uzaq-uzaq ölkələrdə, okeanın o tayında da yaşadır, muğamın başını uca edir və edəcək. Odur ki, muğamımız ustadların arzusundan da yüksək zirvələrə ucalacaq. Çünki bu gün estafet Məftun bəy kimi istedadlı xanəndələrin əlindədir.
Beləliklə, bu dəfəki müsahibimiz xanəndə Məftun Səfərlidir.

– Məftun bəy, müsahibəmizə başlamazdan əvvəl oxucularımıza özünüz və musiqi yolunuz haqqında qısa məlumat verərdiniz.

–Mən Məftun Səfərli 1997-ci ildə Şirvan şəhərində dünyaya gəlmişəm. Orta təhsilimi Nəriman Nərimanov adına 2 saylı orta məktəbdə yeddinci sinfə qədər almışam. Sonra təhsilimi Bakı şəhərində “Bülbül” adına Orta Musiqi Məktəbində davam etdirmişəm.
Sənət yolum on beş ilə yaxındır, peşəkar karyeram isə on ildir. Bülbül adına Orta Musiqi Məktəbində mənim müəllimlərim Sahib İbrahimov və Nuriyyə Hüseynova olmuşdur. Lakin əsas ustadım, sənətimdə ən çox bəhrələndiyim və yolunu götürdüyüm şəxs Azərbaycan və Özbəkistan Xalq Artisti Gülyanaq Məmmədovadır. Gülyanaq xanım həmçinin mənim müəllimim olmuşdur Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində.

– Bəs nə vaxtsa istərdinizmi ki, özünüzü pedaqoq kimi də sınayasınız?

– Pedaqoq kimi özümü görməzdim, çünki həmişə solist olmağa üstünlük vermişəm. Yeniliyə üstünlük verirəm, amma klassik çərçivədən çıxmamağa çalışmışam. Belə olsaydı, müəllim kimi tanınmazdım. Bəlkə də xanəndə kimi tanınmasam belə, solo ifaçı və ya mahnı janrında ifaçı kimi tanınardım.
Əgər soruşsaydınız, musiqiçi olmasaydınız, hansı peşəni seçərdiniz? Həkimliyə, xüsusilə cərrahlığa, böyük marağım olub.

– Məftun bəy, mahnı janrından da danışdınız. Ancaq mən sizi ən çox milli, muğam və xalq mahnılarının ifaçısı kimi tanıyıram. Estrada mahnıları oxumağa necə həvəsiniz var?

– Həvəsim var. Sadəcə, mahnıya ürək qoymaq muğama ürək qoymaqdan daha çətindir. Muğamda zəngulə və avaz hamısı bir xətt üzrə gəlir. Amma mahnı janrı elədir ki, orada sözün birinci xarakterini verməlisən, sonra mahnının ladını və melodik xəttinin xarakterini göstərməlisən. İkisi bir araya gələndə çox çətin olur. Şairin demək istədiyini musiqiçi öz səsi ilə çatdırmalıdır. Ona görə də mənim aləmimdə estrada mahnılarını oxumaq çox çətindir. Xalq mahnılarını oxumaq isə çox asandır. Klassik bəstəkarların mahnılarını oxuyub ürək qoymaq isə çox çətindir, istədiyin kimi yanaşa bilmirsən. Ona görə ehtiyat edirəm. Janrca ağır bəstəkarlarımız var: Cahangir Cahangirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Şəfiqə Axundova, Üzeyir Hacıbəyli. Yəni bunlara müraciət edəndə artıq rahat olursan ki, istədiyin musiqini, sanbalı götürə bilirsən.

– Muğam insan ruhunun ən dərin qatlarına necə toxunur və bunu öz ifanda necə hiss edirsiniz?

– Birinci muğamı dinləyən bir kütlə var. Muğamı hər kəs dinləyə bilər, amma hamı başa düşə bilməz. Muğamı dinləyib dərk etmək lazımdır. Muğam ağır musiqidir, ağır sənətdir. Muğam nəinki Azərbaycan musiqisinin , həm də dünya musiqisinin vizit kartıdır. Çünki bütün musiqilər ladlara istinad olunur. Lad da bizimdir, muğam da bizimdir. Muğama yanaşmaq bir az çətindir. Bayaq da dediyim kimi, hər bir muğamın öz xarakteri var. Ümumiyyətlə, xarakter vermək üçün ruhən, cismən və beynən xanəndə olmalısan. Bütövlükdə yola vermək xatirinə yox, həqiqətən xanəndə, müğənni olmalısan. Onun da əsas şərti muğamı sevməkdir.
Keçən dəfə İctimai Radioda mənə sual verdilər: “Muğam sizin üçün nədir?” Cavabımda dedim ki, muğam mənim həyat tərzimdir. Çörək yeyəndə, yatanda, gəzəndə, ağlayanda, güləndə bunu hiss edirəm. Hər bir şeyi muğama bağlayıram və hissiyyatımı ona verirəm. Yəni hiss eləmədiyin bir şeyi çatdıra bilməzsən. Yaşamalısan, yanmalısan onun üçün. Kül olmalısan ki, o tüstünü, alova ötürə biləsən. Mən belə düşünürəm.

– Muğam ifaçısı olaraq sizin üçün melodiyadan daha önəmli olan nədir: söz, yoxsa duyğu?

– Əlbəttə ki, söz. Bir məsəl var: “Oha var dağdan endirər, oha var dağa göndərər.” Söz olmasa, musiqinin qüdrəti olmaz. Dünya musiqilərinə baxın: Bethoven, Motsart, Şubart, Şumen duyğularını musiqi ilə çatdırıblar. Və yaxud fars musiqisinə baxın; orada daha çox zəngulə və avaz var.
Fuad bəy, bizdə muğamın gözəlliyi bilirsiniz nədir? Qəzəllərlə, şeirlərlə vəhdət təşkil etməsidir. Allah Üzeyir Hacıbəyliyə rəhmət eləsin. Şərqdə ilk opera Üzeyir bəyə məxsusdur. Orada sözlə və dastanla musiqi tamaşaçıya çatdırılır. Ona görə də əsas söz üzərindədir. Məhəmməd Füzuli deyib:

“Məndən Məcnun, Füzuli aşıqi istedadı var; Aşıqi sadiq mənəm, Məcnunun ancaq adı var.”

Bunu dərk etməsək, yalnız “yola vermiş” kimi çıxış etmiş olarıq.
Şairin dediyini dərk etsək, onu ikiqat çatdırmış olarsan. Ona görə də əsas sözün üzərində dayanmaq lazımdır. Səs işləməyə də bilər, amma söz düzgün çatdırılarsa, səsin işləməməsi görünməz. Üstəlik, tamaşaçı alqışına layiq görüləcəksiniz.

– Xalq artisti Gülyanaq Məmmədovanın tələbəsi olmusunuz. Onun hansı dərsi sizə ən çox təsir etdi və sənətinizdə böyük dəyişiklik yaratdı?

– Əvvəla, Gülyanaq xanım yaxşı ustaddır. Yaxşı, qayğıkeş anadır, qayğıkeş müəllimdir. Gözəl dostdur. Ustadla həm dostluq edirik, həm də ana-bala münasibətimiz var. Müəllim-tələbə münasibəti də öz yerindədir. Mən öz sənətimi, özümü Gülyanaq xanımsız təsəvvür edə bilmərəm.
Gülyanaq xanımın özünün və sənətinin ən böyük özəlliyi, gözəlliyi ondadır ki, xanəndəyə sərbəstlik verir. Məcbur deyil ki, muğamı həmişə eyni musiqi ilə oxuyasan. Deyirəm, “Ustad, bunu gəlin dəyişək.” Təkan verir, icazə verir. Ustadlar var ki, deyir, “Özündən Amerika kəşf eləmə.”
Bir də Gülyanaq xanım sadədir. Biz Avstriyada, Azərbaycan mədəniyyət günlərini keçirirdik. Qayıdanda hava limanında əlini qoydu çiynimə. Açıq danışım, o vaxt dünya şöhrətli, Xalq Artisti, ustad Alim müəllim Qasımovun səsinə səcdə edirdim. Həmişə də deyirdim ki, varsa da, yoxsa da, Alim müəllimdir. Söz yox ki, elədir. Onu yamsılamağa çalışırdım, amma yamsılamaq da adamı geri salır.
Gülyanaq xanım mənə dedi: “Sənin çox gözəl səsin var. Ancaq çalış öz yolunu tap.” O sözlər mənim qulağımda sırğa oldu və ifa tərzimi dəyişdi. Klassik muğamlarına qulaq asdım, dünya musiqilərinə qulaq asdım. Nüsret Fateh Eli, Hayda, Umerya, İrəc, Zilli hamısına qulaq asdım. Onları Azərbaycan musiqisinə gətirdim. Bu dəqiqə də fərqli ifa tərzi göstərməyə çalışıram və Şükür Allaha bacarıram.
Onun o sözündən sonra Muğam Televiziya Müsabiqəsində çıxış eləmişəm. Gülyanaq xanımla ünsiyyət qurmaq özü bizə böyük dərsdir — nəinki məsləhətləri, muğam dərsləri, həm də həyat fəlsəfəsi. Hamısı bizim üçün böyük dərsdir.

– Səhnəyə çıxmazdan əvvəl hansı ritual və ya adətləri yerinə yetirirsiniz?

– İndinin özündə də səhnəyə çıxmamışdan əvvəl mənim vərdişlərim o olub ki, birinci Gülyanaq xanımla danışıram. Onun məsləhətləri mənə çox böyük stimul, motivasiya verir. Elə olub ki, səsim tamam işləməyib. Gülyanaq xanım konsertə gəlib onu görmüşəm. O dəqiqə səsim düzəlib. Bu ruhsal bir şeydi. Dualar edirəm, Gülyanaq xanımla danışıram, anamla danışıram. Allah bütün valideynləri qorusun! Dünyadan köçənlərin ruhu şad olsun!  Qadın böyük qüvvədi. Bu gün də 8 mart günüdür. (Qeyd edim ki, müsahibəni 8 mart günü götürmüşəm müəllif.)

– Muğam ifaçılığı sizə həyatın hansı aspektini daha dərindən anlamağa imkan verdi?

– Muğam mənim yaşayış tərzimdi, həyat tərzimdi. Muğama köklənirsənsə həyata da o baxışdan köklənəcəksən. Əhvalın olmayanda qəmli musiqiyə qulaq asacaqsan, əhvalın şən olanda şən musiqiyə qulaq asacaqsan. Ona köklənəcəksən və o musiqiyə qulaq asacaqsan. Ümumilikdə bir xanəndə olaraq muğam  mənim xarakterimə təsir eləyib.
Muğam dünyasında, muğam aləmində insan ağır təbiətli olur. Bu da mənim xarakterimə təsir eləyir. Yaxşı bir təsir eləyir. Oturub lazımsız musiqilərə, ifalara qulaq asmırsan, dəyərsiz kinolara baxmırsan, faydasız yazılar oxumursan. Bir sözlə,  muğam beynini tamamilə dəyişir. Fikrini, beynini daha da kamilliyə kökləyir.

–Sizcə, gələcək nəsil muğam ifaçıları üçün ən böyük çətinlik nə olacaq?

–Səs dəyişmə dövrü.

–Sizin özünüzdə bu hallar baş veribmi?

– Səs dəyişmə dövrü çox gəncdə adətən 16 yaşında baş verir. Məndə  isə 12 yaşımda başladı və 17 yaşımda bitdi. Düz beş il sürdü. Buna musiqidə səs mutasiyası dövrü deyirlər. Lori dillə desək, kişilik dövrüdür. Səs dəyişir və bunu qorumaq lazımdır. Səs açıla da bilər, açılmaya da. Zil oxumaq olmaz.
Mən şəxsən öz təcrübəmdən deyirəm: yaxşı qəzəllər öyrənmişəm, qəzəllərə üstünlük vermişəm və onları dinləmişəm. Vokal məşğələlərinə getmişəm və nəticədə səsim açılıb. Əks halda, oxumasaydım, səsim paslanacaqdı. Artıq bu, alınan bir şeydir.

 Müxtəlif müəllimlərdən fərqli olaraq, Gülyanaq xanım sənət yoluna hansı unikal yanaşmanı verdi?

– Gülyanaq xanım mənə sərbəstlik verdi, musiqi sərhədlərini aradan qaldırdı. Mənim ürəyimi, beynimi və fikirlərimi gördü və icazə verdi. Onun sayəsində musiqilər də, mahnılar da bəstələdim, təsniflərin sözlərini də dəyişdik. Yeni təsniflər də yaratdıq. Beynəlxalq Muğam Mərkəzində iki dəfə solo konsertlər verdim.
Sözsüz ki, hər repertuar seçimində Gülyanaq xanımla məsləhətləşdik. Bəzi fars musiqilərini onunla birlikdə dəyişdik. Elə təsniflərimiz olub ki, onları fərqli ladda ifa etmişik. Bu işlərdə Gülyanaq xanımın böyük təsiri olub.

– Əgər muğamı bir rənglə ifadə edə bilsəydiniz, hansı rəng olardı və səbəbi nədir?

– Bir rəng olmazdı, muğam rəngarəngdir. Bütün muğam rəngarəngdir, çünki hər muğamın, hər ladın öz xarakteri var.
Segah muğamı ah-nalə, kədərdir; mən ona qara rəng deyə bilərəm.
Mahur muğamı cəngavərlik, toy-bayram əhvalını ifadə edir; mən ona ağ rəng deyə bilərəm.
Çahargah muğamı isə qan və döyüş mənasını verir; mən ona qırmızı rəng deyirəm.

– Sizcə, muğam yalnız dinləmək üçün deyil, həm də həyat dərsi öyrətmək üçün bir vasitədir? Bunun konkret nümunəsini paylaşa bilərsiniz?

– Muğam tərbiyəvi musiqidir. Əlbəttə, bir çox alimlərimiz, psixoloqlarımız, akademiklərimiz və dövlət rəsmilərimiz danışırlar ki, biz uşaqkən valideynlərimiz hər altı-bazar radioda muğamlar verəndə bizə muğamları dinlədirdilər. Halbuki o insanlar cərrahdır, akademikdir və elmi sahədə fəaliyyət göstərirlər. Uşaqlıqdan onları tərbiyələndirirlər.
Mən elə öz təcrübəmdən deyirəm: Şirvan şəhərindən gəlmişdim. Dövrümüzün ara musiqilərinə qulaq asan insan Motsartla, Şubartla, Baxla tanış olur. Alim Qasımovla, Canəli Əkbərovla, Ağaxan Abdullayevlə, Mütəllim Mütəllimovla tanış olur. Mənim həmyaşıdlarım bayağı mahnılara qulaq asanda, mən Fikrət Əmirovun “Bayati-Şiraz” əsərinə qulaq asırdım. Muğama elə köklənmişəm ki, artıq başqa musiqilərə köklənə bilmərəm. Hansı musiqiyə qulaq asacaqsan, onunla da mənəvi tərbiyə alacaqsan.

–  Uğur və məmnunluğu harada daha çox hiss edirsiniz: səhnədə, yoxsa kənarda?

– Məmnunluğu hiss eləmirəm. Hər bir işdə məmnunluq hissi olarsa, onda təkəbbürlüyə yol açırsan.

– İnsan daim özünə tənqidi yanaşmalıdır?

– Əlbəttə, həmişə, hər zaman. Ən yaxşı ifadan belə daha yaxşısını göstərə bilərsən. “Bu yaxşıdır” deməklə dərhal dayanarsan. Amma uğuru səhnədə hiss edirsən — tamaşaçı alqışında. Hətta səsin işləməyəndə belə tamaşaçı sənə əl çalırsa, deməli, sən yaxşı ifaçısan və xalqa düzgün xidmət edirsən. Xalq səni olduğun kimi, yəni səsin işləyəndə də işləməyəndə də qəbul edirsə, bu sənin böyük uğurundur.

– Qarşıda nə kimi yenilikləriniz, planlarınız var?

Qarşıda planlarımız çoxdur. Planlarımdan biri aprel ayında keçiriləcək WOMEX – Worldwide Music Expo beynəlxalq musiqi festivalında iştirak etməkdir. Azərbaycanımızı təmsil edəcəyik. Üç ay bundan qabaq Dubayda ikinci Beynəlxalq Nehr Festivalında ikinci nominasiya üzrə Azərbaycana birincilik gətirdim. Doxsan ölkə arasında Nurqu səhər mahnısını farsca ifa etdim. Farsların əlindən kubok almışam. Orada Əleyəxsər Qəmçəri ustad kamança ustadı var. Mənə dedi ki, “Sən farssan?” Dedim ki, “Yox, Azərbaycanlıyam.” Dedi ki, “Bu aksentlə, bu melizmlə ifa etmək çox çətindir. Siz necə ifa edirsiniz?”
Azərbaycanda keçirilən doqquzuncu muğam müsabiqəsinin Qran-pri muğam mükafatçısıyam.

– Azərbaycan musiqisinin əsas missiyası sizcə nədir?

Azərbaycan musiqisini yalnız və yalnız dünyada təmsil etməkdir. Dünya bizim musiqimizə, folklorumuza və şeiriyyatımıza həsəd aparır. Düzdür, çox təəssüf ki, Azərbaycan musiqisində bəzi müğənnilər və musiqilər var ki, muğamı kölgədə qoymasa da, ona xələl gətirir. Bəzən deyirlər ki, camaat bunu tələb edir. Xeyr, elə bir şey yoxdur. Sən camaata yaxşı nəyi təqdim edəcəksənsə, onlar onu qəbul edəcək. Misal üçün, çürük alma verilsə qəbul edərsən, yoxsa saf alma? Əlbəttə ki, saf alma. Yaxşı bir şeyin alıcısı həmişə az olur, çünki o baha olur. Baha olan şeylər də viranəlikdə olur. Deyirlər: “Gizli xəzinənin çoxu viranəlikdədir.” O xəzinəni tapmaq üçün həmin viranəliyə baş vurmalısan.

– Bəs bu gün sənət adamları nə etməlidir ki, musiqimiz daha yüksək səviyyədə təqdim olunsun?

– Bu gün çalışmaq lazımdır — yaxşı işlər göstərmək, yaxşı ifalar təqdim etmək, çalışmaq və yenə çalışmaq. Həm də təkəbbürlükdən uzaq olmalıyıq və heç vaxt “bu yaxşıdır” deməməliyik. Qoy yaxşı olduğunu insanlar desin.

– Bəzən müxbirlər sənətkarlara “Razısınız sənətinizdən?” sualını verirlər. Siz bu suala necə yanaşırsınız?

– Mənə elə gəlir ki, bu sual düzgün deyil, çünki insan heç vaxt özündən razı olmamalıdır. Mən şəxsən ustadımdan bu dərsi götürmüşəm. Sənətkarlarımız var ki, özlərini hegemon aparırlar, özlərini böyük göstərirlər, amma baxırsan ki, o sənətin yiyəsi deyillər.

– Gənc xanəndələr haqqında fikirləriniz bəzən tənqidi olur. Bunun səbəbi nədir?

– Gənc xanəndələrlə biz arasında fərq var: onlar bizdən tez dünyaya gəliblər, amma içləri boşdur. Xahiş edirəm dediklərimi yazın. Üç-dörd mahnı oxuyurlar və xalq və əməkdar artist fəxri adları alıblar. Gənclər yeni bir şey gətirəndə isə klassik musiqiyə xələl gətirməyin. Qardaş qurban sizə, biz klassik musiqini Seyid Şuşinskidən bəri, artıq yetmiş ildir oxuyuruq. Niyə yerimizdə sayaq? Vaxtilə Alim müəllimi də tənqid edirdilər, klassik muğam çərçivəsindən kənara çıxmağına görə.

– Sizcə, xanəndələrin peşəkarlığı baxımından əsas problem nədir?

– Xanəndələr xarici ölkələrdə konsert verirlər, amma onların səksən faizi not bilmir, çıxrtqa bacarıqları yoxdur. İki-üç mahnı oxuyurlar, qurtardı. Amma hər birinin musiqi savadı olmalıdır. Muğamla kifayətlənməməlidirlər. Qarmoniyanı, istənilən aləti bilməlidirlər. Alət bilən xanəndə 90 faizdən seçilir. Mən şəxsən Bülbül adına Orta Musiqi Məktəbini bitirmişəm. Orada fortepiano, ud və qaval çalmağı da öyrənmişəm.

– Azərbaycanda musiqi təhsilinin mövcud sistemi haqqında nə düşünürsünüz?

–Bir də narazı olduğum məsələ var: Azərbaycanda musiqi təhsilində struktur tamamilə səhvdir. On yeddi-on altı yaşlı xanəndələr mutasiya dövründədir, amma testdən bal yığırlar. Sənəti, istedadı olan xanəndələr kənarda qalır. Dörd illik təhsil, bir il magistratura — bu müddət ərzində mülki müdafiə, tarix və ədəbiyyat kimi lazımsız fənlər keçilir. Tarix və ədəbiyyat lazımdır, amma qəzəl janrı və əruz dərsi kifayət etməlidir. Vokal postanovkası düzgün qurulmalıdır. Əks halda, bəmdən oxuyan uşaq səsini düzgün aça bilmir və bədbəxt olur. Biz bədbəxt xanəndələr yetişdiririk, yoxsa peşəkar xanəndələr? Struktur səhvdir.

–Bu sistem gənc istedadlara necə təsir edir?

– Elə uşaqlar var ki, mutasiya dövründə qəzəl və əruzu yaxşı bilir, ürəyi var, səsi dəyişir. Onları kəsirlər, imtahan verirlər, pulluya düşürlər. İmkansızlıqdan təhsil ala bilmirlər. Sonra da həvəsdən düşürlər. Bunun da məsuliyyəti ustadların üzərinə düşür.

– Azərbaycan musiqisində başqa hansı problemləri görürsünüz?

– Azərbaycan musiqisində ən böyük problem yerlibazlıq və region ayrı-seçkiliyidir. Muğam ümumbəşəri musiqidir, amma biz milli mənəviyyatımızı bölgələrə ayırırıq. Üzeyir Hacıbəyli Şuşada, Cahangir Cahangirov Bakıda böyüyüb. Onda yalnız onların əsərlərini oxuyaq? Yoxsa Qarabağ muğam məktəbini təbliğ edək?

– Muğamın coğrafiyası haqqında sizin mövqeyiniz nədir?

– Hərdən deyirlər ki, Azərbaycan musiqisinin beşiyi Qarabağdır. Qardaş, muğam ümumbəşəri musiqidir, amma Qarabağa, Şəkiyə, Şirvana, cənuba, şərqə, qərbə bir sözlə, Azərbaycana aiddir. Muğam Azərbaycanındır. Şəhid verən torpağın hər qarışı vətəndir, harda segah oxunursa ora mənim vətənimdir.

Söhbətləşdi: Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media