🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Teatr – sehrli məbəd…- Fuad Biləsuvarlı yazır

 

Bir əsr yarımdan çox tarixi olan Azərbaycan teatrı çox çətin və olduqca keşməkeşli bir həyat yolu keçmişdir. Bu çətinliklər təkcə maddi -texniki baza və peşəkar kadr çatışmazlığı ilə bağlı deyildi. Bütün bunlar təbii ki, öz yerində, ən başlıcası isə çox vaxt səhnə vurğunları öz həyatlarını təhlükə altında qoymuş olurdular. Təkcə dövrünün ən istedadlı aktyoru Hüseyn Ərəblinskinin faciəsini xatırlamaq kifayət edər.
Görəsən bu sənət fədailərini səhnəyə ( əgər belə demək mümkünsə) bağlayan nə idi?! Heç bir çətinlik, üzləşdikləri məhrumiyyətlər, hədə -qorxular onları bu yoldan çəkindirə bilmirdi. Hələ maddi çətinliklər də öz yerində. Nə məşq etməyə münasib yer var idi, nə qadın rollarının ifaçıları, nə də zəruri avadanlıqlar, pal-paltarlar. Bütün bunlar yox idi. Amma maddi imkanları, təhsilləri olmasa da, əvəzində güclü sənət yanğıları, xalqı maarifləndirmək ehtirası vardı. Elə bu sənət fədailərini yaşadan, teatrımızı addım-addım irəli aparan da, məhz, bu yanğı, atəş idi.
Bütün şüurlu həyatını səhnəyə, teatra həsr etmiş həmin sənət fədailərindən adını teatrın tarixinə yazmış xalq artisti Sidqi Ruhullanın xatirələrində maraqlı adlar yer alıb: ” Bir gün Hüseyn Ərəbkinski ilə bulvarda oturub qastrollar, tamaşalar haqqında dərdləşirdik. Pul məsələsinə gələndə ikimiz də susduq. Birdən mənim ağlıma bir fikir gəldi.
– Hüseyn, bilirsənmi, Buzovnada mənim atadan qalma bağ və bostanım var, onu satsaq, qastrola gedə bilərik.
Elə də etdik…”
O hər cəhətdən çətin və ağır illərdə bu səhnə, teatr vurğunlarının ürəkdən gələn bir arzusu vardı: ” – Görəsən nə vaxt bizim də teatrımız olacaq, bu teatrda aktyorlar işləməyə başlayacaqlar?!
Görəsən elə bir gün gələcəkmi? Milli teatrımız, milli aktyorlarımız, öz dilimizdə təmiz danışan azərbaycanlı qadın aktyorlarımız olacaqmı?!…”
Heç bir şəraiti olmayan primitiv, soyuq binalarda, hətta tövlələrdə belə hazırlanan hər tamaşa səhnəyə sonsuz məhəbbəti olan bu fədakar insanların ürəyinə sərin su səpir, sabaha inamlarını artırırdı.
O dövrün çətinlikləri çox idi. Bunu xalqın maarifpərvər ziyalıları çox gözəl başa düşürdülər. Xalqın maariflənməsi yolunda onlar hər fədakarlığa hazır idilər. Ona görə də heç bir çətinlikdən qorxmurdular. Minbir çətinliklə hazırlanan və səhnəyə qoyulan tamaşa isə maarifləndirmə yolunda ən yaxşı vasitə idi. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı və bir çox digər vətən oğulları xalqda tamaşalara maraq oyatmaq, onları belə tamaşalara alışdırmaq üçün əvəzsiz iş görürdülər. Və tədricən istədiklərinə nail olurdular.
Təməli belə çətinliklərlə qoyulan Azərbaycan teatrı çox ağır sınaqlardan çıxaraq, illər sonra əsl inkişaf yoluna qədəm qoydu. Maarifləndirmə yolunda çəkilən zəhmətlər hədər getmədi. Dərin təhsilləri olmasa da, bu tamaşalarda oynamaq istəyən adamların, xüsusilə qadın rollarının ifaçıları çoxaldı.
Bir haşiyə: Cəlil Məmmədquluzadənin məşhur ” Ölülər” əsəri tamaşaya qoyulmuş və böyük əks-səda yaratmışdı. Aktyorların, xüsusilə Kefli İsgəndər rolunu oynayan Mirzəağa Əliyevin ifası tamaşaçıları çox razı salmışdı. Sonra məlum olmuşdu ki, müəllif Kefli İsgəndər obrazını Naxçıvanda yaşayan Paşa ağa Sultanov adlı bir nəfərin prototipi olaraq yaratmışdır. Bundan xəbər tutan aktyor rolu daha yaxşı canlandırmaq üçün gizlincə Naxçıvana getmiş, Paşa ağa Sultanov adlı şəxsi taparaq onun hərəkətlərini kənardan izləməyə başlamışdır.
Ancaq Mirzə Cəlil çox sevdiyi aktyorun bu hərəkətindən razı qalmayaraq demişdir:
Mən tək Paşa ağa Sultanovun yox, Paşa ağa Sultanovların obrazını yaratmışam…
Bu da o dövrün teatr vurğunlarının sənət yanğısından nümunə…
Teatr hər bir xalqın həyatının güzgüsüdür. Teatr məbəddir – elm məbədi, incəsənətin ayrılmaz bir hissəsidir. Onun sehrinə düşənlərin ayrılması asan olmur.
Bu gün böyük bir inkişaf yolu keçmiş Azərbaycanda onlarca teatr fəaliyyət göstərir. Hətta Naxçıvan, Lənkaran, Gəncə, Şəki, Ağdam kimi əyalət bölgələrində də peşəkar teatrların fəaliyyət göstərməsi çox sevindiricidir. Bu, zamanın tələbidir. Biz, xüsusilə ziyalılar teatra sıx bağlı olmalı, onun tərbiyəvi, düşündürücü və təsiredici gücündən çox bəhrələnməliyik. Hələ bir çox şəhər və rayonlarımızda xalq teatrının yaradılması isə, xüsusilə təqdirəlayiqdir.
Azərbaycan tamaşaçıları rejissor kimi böyük nüfuz qazanmış Adil İsgəndərovu, Mehdi Məmmədovu, Tofiq Kazımovu … həmişə sonsuz ehtiramla xatırlayırlar. Sağlıqlarında onların tamaşaya qoyduqları, quruluş verdikləri əsərlər uzun müddət repertuardan çıxmır, afişaları bəzəyirdi. Canlandırdıqları obrazlarla böyük şöhrət qazanmış Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Sidqi Ruhulla, Mərziyyə Davudova, Mirzəağa Əliyev, Abbas Mirzə Şərifzadə, Əli Zeynalov, Mustafa Mərdanov, Ələsgər Ələkbərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Məlik Dadaşov, Hökumə Qurbanova, Fatma Qədri, Leyla Bədbirbəyli, Ağasadıq Gərabəyli, Rza Təhmasib, Ağdadaş Qurbanov, Gülxar Həsənova, Bəşir Səfəroğlu, Möhsün Sənani, Nəsibə Zeynalova, Nəcibə Məlikova, Barat Şəkinskaya və onlarca başqaları yaratdıqları obrazlarla bu gün də xalqın yaddaşında yaşayırlar. İndinin özündə də teatrın sadiq tamaşaçıları Cənnət Səlimovanın, Mərahim Fərzəlibəyovun, Mehriban Ələkbərzadənin, Nicat Mir Kazımovun, Aleksandr Şarovskinin quruluş verdiyi tamaşalara sevə-sevə baxırlar.
Nə az, nə çox – düz 16 il Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmiş hörmətli yazıçımız Hidayət Orucov yazır: ” Teatr bu günü əks etdirilməli, sabahı düşünməlidir…”

Portal:Teatr — Vikipediya

Onu da qeyd etməyi vacib sayırıq ki yaradıcılığına böyük hörmət bəslədiyim Hidayət Orucov həmin vəzifəyə təyin olunanda cəmi… 24 yaşı var idi və heç zamanda tearda çalışmamışdı.
Deyirlər, həyat çox böyük bir teatr səhnəsi, insanlar isə, aktyorlardır. Hər kəs bu səhnədə öz rolunu oynayır.
Hər halda bu fikirdə böyük bir həqiqət var.
Bu gün ölkəmizdə dövlət, bələdiyyə, özəl və opera və balet, musiqili teatr, pantomima, kukla teatrları, şəbəkəsi fəaliyyət göstərir. Teatr sevən tamaşaçılar üçün bu çox gözəl imkandır. Tamaşaçıları düşündürən, onları maarifləndirən, zövq verən tamaşalar isə gərgin məşqlərin, hədsiz zəhmətin, böyük bir aktyor heyətinin birgə əməyinin bəhrəsidir.

Dövlət başçısının, xüsusilə birinci vitse – Prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə mədəniyyətimizin inkişafına, dünyada tanınmasına göstərdikləri qayğı- diqqət isə, göz önündədir.
Deyirlər teatr asılqandan başlayır.
Qədəm qoyduğumuz bu sehrli məkanda hər şey əsrarəngliyi, gözəlliyi ilə seçilir.
Teatrlara açılan yollarımız həmişə işıqlı olsun…

 

Müəllif Fuad BİLƏSUVARLI – AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media