Bu gün unudulmaz və sevilən şairimiz Sabir Sarvanın anım günüdür. Azərbaycan.media saytı bu münasibətlə ölməz şairin köhnə və indiyədək heç bir mətbuat orqanında dərc olunmayan şeirlərini təqdim edir.
KƏNDİR
Ürəyimə çox döz dedim,
Göz görəni az yoz dedim,
Durammadım, bir söz dedim,
Bir söz dedim yeri idi.
Hökmüm oxundu: «Asılsın,
Məzarı dərin qazılsın.
Baş daşına qoy yazılsın,
Yazılsın ki, dəli idi».
Yalan dünya , deyil yalan,
Gedirkən yadımda qalan.
Kəndiri boynuma salan,
Öz dostumun əli idi.
GÖZÜMÜN İÇİNDƏN
QOCALMIŞAM MƏN
«Dostların içində yaxşı qalanı sənsən, saçın – saqqalın ağarmayıb» – bir dəfə lapdan Vəli Xramçaylı mənə
belə dedi.
Gözümün içinə yaxşı bax, ay dost,
Siz də duymasanız kim duyar məni.
Dostların saçını ağartdı, amma,
Gözümə ağ saldı bu rüzgar mənim, –
Gözümün içindən qocalmışam mən.
Min yerə boylanır qismət deyilən,
Hamını görsə də, bir bizi görmür.
Gözümün içinə yaxşı bax, ay dost,
Arada nə var ki, göz – gözü görmür.
Gileyə çəkmirəm, gileydən keçib
Qəfil söylədiyin söz məni aldı,
Yayına bilmədim baxtın gözündən,
Ömürdən umduğum gözümdə qaldı,-
Gözümün içindən qocalmışam mən.
Mənimtək yarımır, yarıyan adam,
Aynada telini darayan adam
Gözündən qarıyır, qarıyan adam, –
Gözümün içindən qocalmışam mən.
Yıxılıb durmaqdan dizlərim doyub,
Mənim yaşamaqdan gözlərim doyub,
Qara saqqalıma – saçıma baxma,
Gözümün içinə yaxşı bax, ay dost,
Gözünü aç mənə yaxşı bax, ay dost,
Gözümün içindən qocalmışam mən.
QARA DAŞ ALTINDA
Qara daş altından cücərən otlar,
Qara daş altında o qardaş otlar
Güc verib qoluna, biləklərinə,
Güc verib dizinə, kürəklərinə
Aşırmaq istəyir o qara daşı.
Üstü kəpənəkli, üstü arılı,
Gözləri günəşə baxan çiçəklər,
Bəxtəvər çiçəklər, gözəl çiəçəklər
Bilməzlər, bilməzlər, bilməzlər heç vaxt
Qara daş altında bitən otların,
Qara daş altında nə çəkdiyini.
O igid qardaşlar, o igid otlar
Ümidin özgəyə bağlamaz bir də,
Sürtüb üzlərini qara torpağa
ağlamaz bir də.
Ağlamaq qurtardı, ağlamaz bir də.
Qara gün altında qan – tər içində
Güc verər qoluna, biləklərinə,
Güc verər dizinə, kürəklərinə.
Qəfəslər içində xallı pələnglər
Çeynəyə – çeynəyə səbrlərini
Beləcə güc verər hər axşam – səhər
Güc verər qəfəsin dəmirlərinə.
BAXIRAM
Kiminsə itkin səsiyəm,
O səsdən, ündən baxıram.
Adəm nə vaxt göz açıbsa,
Elə o gündən baxıram.
Qapılar bağlı, biz naçar,
Kim bağlayıb o da açar.
Gah uşağam, gah da qoca,
Yüz cürə dondan baxıram.
Ömrüm torpaqdı sonunda
Qəbrim qazılır canında.
Gəlib dururam yanında,
Çəkilib gendən baxıram.
Haqqa tanıtmayıb yaxa,
Sahib oldum çox günaha.
Gözüm yaxşı görür daha,
Əvvələ sondan baxıram.
Gedib yaxasız köynəkdə,
Gəlirəm təzə bələkdə.
Baş aça bilmir fələk də,
Mən kiməm, kimdən baxıram.
DƏRDİŞ
İlk dəfə bu sözü dilindən eşitdiyim
Məmməd İlqara
Gün günə calandı, yaş sana gəldi
Gözümün dumanı silindi, dərdiş.
Ələnib – üyünüb düşdüm qəlibə
Əvvəlim – axırım bilindi, dərdiş.
Dolan gözlərimin kirpiyi səsli,
Qalan sözlərimin ovxarı paslı.
Bəlkə buna görə, duruşu yaslı,
Bənövşə sevgili gülümdü, dərdiş?!
Saraldım, yaşıla büküncə ömrü,
Quzeydən güneyə çəkincə ömrü.
Bir də istəmərəm ikinci ömrü,
Bir ömrü yaşamaq zülümdü, dərdiş.
Gül balam üzüncə gülü büdaqdan,
Qəfil bir qədərə tuş oldu haqdan,
Elə o sınaqdan, elə o baxtdan
Bir dizim, bir də ki, əlimdi, dərdiş.
Endiyim çeşmələr bulannıq gəlir,
Dərdin dalısınca viranlıq gəlir,
Hara üz tuturam, qaranlıq gəlir,
Ta mənə təsəlli ölümdü, dərdiş…
ÖZÜMƏ
Əyilib göylərdən,
bəxtin öpməsə alnından,
Dərdlər açsa üzünə qapısını
Ağrımağa dəyməz
Qəmli nəğmələr yerinə
Oxu sevənlərin duasını.
Qar altından çıxası,
açılası gülün var.
Uzandıqca
uzanası yolun var.
Bir küçədə, bir tində
Səni ağ geyindirəcək
ölüm var,
Amma,
amma
ölümə inanma.
Qurtar!
Qəbir daşında yazıya baxan kimi
baxma dünyaya,
qurtar!
Dan yerinə bax,
dan yerinin sənə sözü var!
Qardaşım oğluna
Ocağı qaralıb, yığvalı dönüb,
Qarışmır fələyin işinə əmin.
Sorur burulğanlar, döyür dalğalar,
Düşüb taleyinin qışına əmin.
Kimin qarğışına büründü adı,
Gözündə – könlündə qaldı muradı.
Yerdə qarışqanı tapdalamadı,
Dəymədi göylərin quşuna əmin.
Arayan günəşsə qar altda gül var,
Canlı neçədisə, o sayda qul var,
Yalandı dünyada nə qədər yol var,
Vurdu bircə – bircə dişinə əmin.
Ruhuma su səpən tək güman idi,
Bu yanlış gümanlar nə yaman idi.
Ömrü burum – burum toz – duman idi,
Çökür yaddaşına, huşuna əmin.
Çırpına – çırpına könül dad eylər,
Ya sındır şüşətək, ya abad eylə.
Körpəcə cığır sal, hərdən yad eylə,
Dönəndə bir qəbir daşına əmin.
Nə gəzdi, nə tapdı, nəyi qazandı,
Bir quru nəfəsdi, bir quru candı.
Bihudə dolandı, bihudə yandı,
Boşuna yaşadı, boşuna, əmin.
***
Seçkin bəndəyəmmiş, dərd məni tapdı,
Dost – tanış, yar – yoldaş, yaxın içində.
Yaşa,
qismətinlə verib baş – başa
Umudun gözündə, qorxun içində.
Çəkib sayəsini məndən yaz əllər,
Yanımdan hürküsüz keçir gözəllər,
Qarışıb sulara axır xəzəllər,
Qədərə ayna var arxın içində.
Payızın başında bağ saralantək,
Zamanın qəhrinə ağ saralantək.
Sığınıb torpağa tağ saralantək,
Saralıb – soluram qırxın içində.
METRODA
Qarışqa yuvasıdı yenə
çoxdan olmadığım metro.
Adamlar torpağın üstünə çıxır,
torpağın altına girirlər.
Bircə
fərqi var amma,
Əvvəllər mən durub
yer verərdim,
İndi
mənə yer verirlər.
QİBLƏM ÜRƏYİMDİ
Bizi də sayarlar, qəm yemə könül,
Hər kəsin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.
Olsa da ömrümə qənim ürəyim,
Qibləm ürəyimdi, yönüm ürəyim.
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir.
Elə tez dolandı çarx dediyimiz,
Azaldı – üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanıyır, nə Sarvan bilir.
BİR DƏ AÇILSAYDI GÖZÜM İŞIĞA
Buludlar başıma tökür yağışı,
Külək toz – torpağı vurur üstümə.
Həyətdən – bacadan hürərdi itlər,
Indi qəzetlərdən hürür üstümə.
Yüz yerə boylanıb baxır gözlərim,
Haqqa işıq salan çıraqdan ötrü.
Başımı yenə də salıb aşağı
Keçirəm ürəkdən
çörəkdən ötrü.
Yenə son addımı ata bilmirəm,
Ölür damarımda kükrəyən savaş.
Danışır yenə də kəsilməli dil,
Qalır öz yerində üzülməli baş.
Adı şər – şəbədə içində olan,
Nə demir adıma? – Çönüb gedirəm.
Beş manat donluqdan asılı qalan
Xırdaca adama dönüb gedirəm.
Bir də açılsaydı gözüm işığa,
Keçməzdim bu yolu keçdiyim kimi.
Heç kəsin gözündən düşməmişəm mən,
Özüm öz gözümdən düşdüyüm kimi.
MƏN SƏNİNLƏ BARIŞDIM
Onsuz günüm gün deyil
Ürək,qəmimlə barış.
Ayrılıq uzaq deyil
Ruhum, tənimlə barış.
Işi əyri dünyada
Düz olan gedir bada.
Ya kor ol görmə,ya da,
Gözüm, nəminlə barış.
Ocaq olub alışdım,
Soyuq külə qarışdım,
Mən səninlə barışdım,
Tale, mənimlə barış.
KÜLQABI
Təkcə
bu külqabının
bax, burada
çarpayının baş tərəfində
tək əlin çatacağı yerdə olması
və ağzına qədər
ucuz siqaret
kötükləriylə dolması,
bir insanın,
o insanın ki,
bu gündən belə
bir də heç vaxt
görünməyəcək gözə,
bu gecə
tüstülənə – tüstülənə
nələr çəkdiyini
anlatmırmı bizə?!
HƏRDƏN SƏN OXUMASAN
Alim Qasımova
Alım ağrını, Alim,
Bir az da zildən oxu.
Təzə yaraya dəymə,
Köhnə nisgildən oxu.
Işıqlı bir xəbər ver
Qaralan göy üzündən.
Hərdən sən oxumasan
Dünya düşür gözümdən.
Səsin bilirsən nədir?!
Məlhəm! Yaraya çatdır.
Azıb qalmışam yolda,
Məni Tanrıya çatdır.
Çəkim dərdi sinəmə,
Verim son nəfəs kimi.
Ölüm…dirilm yenə
Bir ilahi səs kimi.
Ağrını alım, Alim,
Kim dedi pəsdən oxu?
Mən deyən yerdən alış,
Mən yanan səsnən oxu.
QAYITMIR
Hüseyn Əfəndinin xatirəsinə
Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yenrinə mənmi utanım? –
Utan, azğın fələk, utan, qayıtmır.
Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? –
Bəllidi, bu yolu tutan qayıtmır.
Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: – atan qayıtmır.
Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.
Bilməzsən ürəyim nə haray çəkdi,
Dinib – dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.
***
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz – gözə, nəfəs – nəfəsə,
O fürsət əlimə kaş düşə yenə.
Duyam ki, varınam, yoxunam sənin,
Hər gecə masmavi yuxunam sənin,
Bilmədən qəlbinə toxunam sənin,
Ovcuma mirvari yaş düşə yenə.
Gizlin baxışlardan yamanlıq sezək,
Söz üstə söz qoyan dillərdən bezək,
Fikirli dolanaq, uzaqdan gəzək,
Qəfil aralığa qış düşə yenə.
Mən sonra inandım bir həqiqətə,
Cəsarət yetirir ilk məhəbbətə.
Elə istəmirəm bu nağıl bitə,
Göylərdən başıma daş düşə yenə.
BİR DƏ GÖRDÜN
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
Həsrətin çağlar içində,
Sabirin ağlar içində,
Çəkdiyin dağlar içində,
Göl kimi qərar tutmusan.
Sevən sevdiyindən dönməz,
Xəyalları Yerə enməz,
Qarşımda bitməz – tükənməz,
Yol kimi qərar tutmusan.
Birdəfəlik canı istə,
Dolanırsan bu həvəsdə,
Bir də gördün qəbrim üstə,
Gül kimi qərar tutmusan.
BİR GÜN GÖRÜNMƏSƏN
Sən elə gözəlsən, dilim də gəlmir,
Hər gülü – çiçəyi tən desin sənə.
Qələmim kağıza Ay yazır, amma,
Ürəyim istəyir Gün desin sənə.
Qarğıyır qəlbində qismətə – baxta,
Gözü dağınıq da, gözləri tox da.
Dayan öz yerində, o ucalıqda,
Kimin nə həddi var en desin sənə.
Nə danışan dilim, nə də üzüm var,
Canımda can yoxdu, bir lal dözüm var,
Mənim ürəyimdə nə ki sözüm var,
Dağılsın qaranlıq, dan desin sənə.
Bir gün görünməsən deyərlər hanı,
Gözlərin işığı, ölkənin şanı?
Niyə bəyənmirsən Sabir Sarvanı?!
Çəkib od sinəyə “can” desin sənə.
AYRILIĞI GƏTİRMƏ
Gəl bir çələng toxuyaq,
Gül məndən,
çiçək səndən.
Ikimiz bir oxuyaq,
Dil məndən,
ürək səndən.
Bu yol bir can istəsə,
Mənəm qurban, istəsə.
Sevgimiz şan istəsə,
“Bal məndən,
pətək səndən”.
O çələngi itirmə,
O nəğməni bitirmə,
Ayrılığı gətirmə,
Əl məndən,
ətək səndən.
DÖZÜM
Millət belə,
yurd belə,
Qeyrət belə,
ad belə…
Düz üç saat
danışdı,
Üç saat
kəsdi – asdı.
Dinməzcə
qulaq asdım,
Qəlbimdə dedim:
danış.
Hərdən mənə də
əhsən,
Hərdən mənə də
alqış.
ÇALDIRAN AĞRISI
Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.
Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.
Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə – deyə
Diyirlənsin, baş yerisin.
Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.
Müəllif: Sabir Sarvan
Mənbə: Azərbaycan.media
