🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Mahnı ifası muğamdan daha məsuliyyətlidir”

Xalq artisti Gülyanaq Məmmədova: “Övladlarımın da sənət yolunu seçməsini istəmişəm”

Hər dəfə incəsənət haqqında yazmaq lazım gələndə düşündüyüm ilk sual bu olur – incəsənət nədir? Və hər dəfə də müxtəlif cavablarla qarşılaşmışam, bəzən isə özüm tapmağa çalışmışam bu cavabı. Köklü çinar ağacına bənzəyən bu sahənin o qədər müxtəlif istiqamətə boylanan şaxələri var ki, incəsənət insanın özünü ifadə etmək imkanlarından daha artığıdır deyə, düşünməyə əsas yaranır. İncəsənət təkcə estetik zövq deyil, o, özlüyündə böyük məsuliyyətin daşıyıcısıdır. Ona görə ki, sənətkar dilə gələndə tək özünün deyil, böyük bir toplumun hisslərini də ifadə edir. Musiqi isə bir qədər fərqlidir. Burada sözün çatmadığı yerdə səs danışa bilir. Səs isə insanın içindən gəldiyi qədər gerçəkdir…

Onları həmişə cüt görməyə daha alışqanıq. Səhnədə yanaşı dayanan iki səs, bir-birini tamamlayan iki nəfəs, eyni kökdən gələn iki avaz. Tamaşaçı üçün bu birlik artıq bir obrazdır, qoşalaşmış tamlığın vəhdətidir. Sənətdə qazandıqları uğurlara görə layiq olduqları fəxri adların, təltiflərin sevincini belə eyni zamanda bərabər yaşayıblar. Lakin hər səsin öz taleyi, öz daxili yolu var. Hərəsinin səhnəyə gətirdiyi yalnız sənət deyil, illərin zəhməti, məktəbi və yaşanmışlarıdır. Qonağımız həmin cütlüyün bir yarısı, xanəndə, vokal ifaçısı, Azərbaycan və Özbəkistan respublikalarının Xalq artisti, Qabaqcıl təhsil işçisi, Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının dosenti  Gülyanaq Məmmədovadır.

 

– Çox zaman istedadın kökdən qaynaqlandığını görürük…

– Əslində elə dediyiniz kimi də var. Nənəmin və anamın gözəl səsi olub. Ailədən eşitdiklərimdən bilirəm ki, nənəm II Dünya müharibəsi dövründə gözü yolda qalan qız-gəlinlərə aclığı, qorxunu unutdurmaq üçün insanları ətrafına toplayıb çalıb-oxuyarmış ki, onların, azacıq da olsa, fikri dağılsın. Sonradan kəndimizin ictimai həyatında fəal rolu olub, kənd sovetinin deputat kimi irəli çəkilib. Çal-çağırlı ailəmiz olub. Atam qara-zurna, qardaşım qarmon ifaçısı idi. Yəni gözümü açandan ətrafımda musiqi eşitmişəm. Ailənin ərköyün, şıltaq və sevilən övladı olmuşam. Üç-dörd yaşından özüm üçün eşitdiyim mahnıları oxuyurdum, xoşuma gələn musiqinin sədaları altında rəqs edirdim. Amma ilk olaraq səsimi sinif müəlliməm kəşf etdi. Əlifba bayramında Xuraman müəllimə mənə “Nargilə” mahnısını ifa etməyimi tapşırdı və bu gələcək yolumun ilk addımı oldu. Zamanla kökdən gələn səs biz üç bacıda özünü göstərdi.

– Üç bacı dediniz…

– Bəli, Gülyazdan böyük bizim Rəhimə bacımız var, biz hələ məktəbli ikən o, Asəf Zeynallı adına Musiqi Texnikumunda xanəndə Nəriman Əliyevin sinfində oxuyurdu. Sonradan biz iki bacı da Nəriman müəllim kimi ustadın yetirmələri olduq. Xan Şuşinskinin tələbəsi və həmin məktəbinin davamçısı olan Nəriman Əliyevin muğam sənətinin yaşamasında böyük xidməti olub ki, bundan biz də yararlanmışıq.

– Musiqi Texnikumuna daxil olana qədər iki il Şəki Mədəniyyət Evində çalışmısınız…

– Çalışmalı olmuşam ona görə ki, iki il qəbul ola bilmədim. Birinci il dedilər ki, hələ on yeddi yaşı var, səs formalaşmayıb. İkinci il isə müəllimlərdən biri dedi ki, ifasında xaric notlar var. Düzü, səbəbini bilmədim, hansı ki, qəbulda Rəhimə bacımın ifasını dinləyib öyrəndiyim, bir qədər də Gülyazın köməklik etdiyi “Mirzəhüseyn segahını” təqdim etmişdim. Onda Gülyaz artıq orada təhsil alırdı. İkinci cəhdimin də uğursuzluğundan təsirləndiyimi görən Gülyaz mənə xeyli ürək-dirək verdi və dedi ki, narahat olma, sən bu məktəbin tələbəsi olacaqsan. Bu səbəbdən mən Mədəniyyət evində çalışmalı olmuşdum. Amma həmin o iki ildə fəaliyyətimdən qalmadım, müsabiqələrə qatılırdım, Şəkinin kəndlərində zəhmətkeşlər üçün konsertlər verirdik. Şəki Dram Teatrında “Zirvə” ansamblı vardı, onların tərkibində oxumaq bir şərəf idi. Yəni musiqidən, mahnı ifa etməkdən heç zaman ayrı qalmadım və sonda istəyimə nail oldum.

– Gülyanaq Məmmədovanın  yaradıcılığıda həm xanəndəlik var, həm vokal və bəstəkar mahnıları. Bir səsin üç istiqamətə yönəlməsi o qədər də asan olmaz…         

 

 

– Maraqlı sualdır… Bəli, xanəndəlik sırf muğam sahəsi ilə sənətə davam etmək deməkdir və əksəriyyət də bu yolla gedir. Lakin mən kiçik yaşlarımdan mahnı janrına da üstünlük vermişəm. Anam bizə Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın, Gülağa Məmmədovun mahnılarını dinlətdirirdi ki, bu ifaları eşidə-eşidə musiqi zövqümüz formalaşsın. Səhər saat beş-altı arası bizi yuxudan oyadardı ki, radioda səslənən Azərbaycan SSR-nin himnini dinləyin və ilk olaraq himni bilməyimizin vacib olduğunu deyirdi. Bütün məktəb tədbirlərində həmin himni biz iki bacı oxuyardıq. O himn yaddaş xəzinəmdə hələ də qalır. Sualınıza qayıdaq. Bütün bəstəkar və estrada mahnılarının hamısı muğamdan qaynaqlanır. Mən əminliklə deyə bilərəm ki, dünya musiqiləri də bizim muğamların üstündə köklənib. Əminliklə ona görə deyirəm ki, bunu özüm üçün araşdırmışam da. Selin Dionun məşhur “Titanik” filmində ifa etdiyi mahnıda Mahur və Rast muğamlarını duyuram. Uitni Hyustonun dünyaca məşhur “I Willi Always Love You” mahnısında iki lad var – “Bayatı-Şiraz və “Mahur”. Peşəkarlar bunu bütün dünya musiqilərində duya bilər. İndi görün bizim muğam nə deməkdir. Yaradıcılığımda  muğamla bəstəkar mahnıları arasında heç zaman fərq qoymamışam, çünki ana balasını heç zaman seçməz. Bir məqamı da qeyd edim. Əgər səs diapozonun imkan verirsə, ustad öyrədir, sən də muğamı oxuya bilirsən. Mənim zənnimcə, mahnı oxumaq muğam ifa etməkdən çətindir. Bu gün bizim universitetdə tələbələrə mahnı janrı da öyrədilir ki, ifaçılıq sənətinin bütün incəliklərini bilsinlər. Çünki mahnılar muğamdan ərsəyə gələn əsərlərdir.

– Xanəndə Gülyanaq Məmmədovanın sevdiyi muğam var yəqin ki…        

– Muğam Azərbaycan musiqisinin  sütunudur. Muğam bizim elə bir kimliyimizdir ki, onu dünyanın bütün qitələrində tanıda bilmişik. Və təbii ki, muğamlarımızın hamısını sevirəm. Lakin ustadım mərhum Kamil Vəzirov deyirdi ki, “Şahnaz” muğamı Gülyanağındır. Bu muğama ilk ritm gətirən ustadım olub və onu Elçin Həşimov, Elnur Əhmədovun müşayətilə ritmik muğam kimi ilk ifa edən mən olmuşam. Daha sonra Gülyazla birlikdə industrial formada “Şahnaz” klipimiz çəkildi. Bu bir layihə idi, çox uğurlu da alındı. Məqsəd dəyişən zamanın fövqündə gənclərə muğamı sevdirmək, onu aşılamaq idi. Və rəhmətlik Kamil Vəzirov bu muğamı öz rəngləri, təsnifləri, dəramətləri üzərindən qurdu.

– “Muğam bizim elə bir kimliyimizdir ki, onu dünyanın bütün qitələrində tanıda bilmişik” dediniz. Bu qitələrin sakinlərinin əksəriyyəti əcnəbi tamaşaçılardır və muğamı onlara çatdırmaq çox da asan deyil…   

– Bir faktı deyim. Uzaq 1995-ci ildə İsveçin Malmö festivalında qırx minlik bir auditoriyanın qarşısında “Qatar” muğamının zəngulələrini səsləndirəndə, həmin o əcnəbi tamaşaçı alqışlamaq istədiyi halda heyrətindən ağzı açıq qalmışdı. Bu, mənim ilk səfərim olduğu üçün həmişə yadımdadır. Təsəvvür edin şəhər başdan-başa səhnəyə çevrilib və dünyanın hər yerindən musiqiçilər burada iştirak edir və ona ayrılan səhnəsini qurub və sənətini nümayiş etdirir. Ən böyük axın Azərbaycana ayrılan səhnənin qarşısına oldu. Festivalın prezidenti çıxışında belə bir fikir bildirdi ki, əgər burada müsabiqə keçirilsəydi, qalib Azərbaycandır deyərdim və adını Azərbaycan musiqi bayramı qoyardım. İndi görün muğam əcnəbi tamaşaçısını necə ovsunlaya bilib. İki ildən sonra biz yenə həmin festivala dəvət aldıq və yenə Azərbaycan musiqisi öz sözünü deyə bildi. Bizi ölkəmizdən kənarda Azərbaycan kimi tanıdan muğam, xalq və bəstəkar mahnılarımızdır. Mən heç kəsin xətrinə dəymək istəmirəm, lakin caz, estrada, simfonik əsərlər dünyanın hər yerində var. Söhbət əsnasında bir hadisə də yadıma düşdü. Danışım?

– Buyurun…

– Polad Bülbüloğlunun Rusiyada səfir olduğu dönəmdə MDB dövlətlərininin Moskvada bir tədbiri keçirildi. Orada səfirlikləri olan bütün ölkələrin musiqiçiləri iştirak edirdilər. Qonşularımız da iştirakçılar arasında idi və təbii ki, bizim musiqilərimizlə tədbirə qatılmışdılar. Onların çıxışı zamanı elan edildi ki, erməni milli rəqsi Tərəkəmə, daha sonra Vağzalı. Biz etiraz səsimizi qaldırmaq istəyəndə Polad müəllim dedi ki, biz dava edən millət deyilik. Bunu səhnədə sənətimizlə sübut etməliyik ki, bunlar Azərbaycanın milli rəqsləridir. Biz orada proqramı elə qurduq ki, mahnı və rəqs ansamblı öz çıxışı ilə bu rəqslərin bizə aid olduğunu sübut etdi.  Sonra bizim daha bir çıxışımız oldu. Heyətin tərkibinə Mirzə Babayev, İlhamə Quliyeva, biz bacılar, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli daxil edilmişdik. Həmin məkanda Azərbaycan musiqiçiləri möhtəşəm çıxışlarımızla səhnəni ələ ala bildik. Mirzə dayı orada elə bir performans göstərdi ki, bütün zal ayağa qalxdı. Təsəvvür edin, İlhamə xanım səhnə arxasında repertuarını dəyişdi. Proqrama əsasən ifa etməli olduğu sevilən estrada mahnılarını çıxararaq, Tükəzban İsmayılovanın repertuarını daxil etdi. Çünki İlhamə xanım Azərbaycan musiqisinin necə qarşılandığını gördü və sonda səhnəyə çıxdığı üçün tamaşaçı auditoriyasının coşqusunu sönməyə qoymadı. Və özüm üçün bir daha nəticə çıxardım ki, muğam, xalq musiqisi, bəstəkar mahnıları Azərbaycan musiqisinin mədəni simasıdır.

 

 

– Muğam sənətindən dərs deyirsiniz. Gənclərin muğama münasibəti…

– Çox eşidirəm, deyirlər ki, gənclərin muğama marağı yoxdur. Razı deyiləm bu fikirlə, çünki muğama maraq yaşayır. Heydər Əliyev fondu muğam müsabiqələrinin keçirilməsinə dəstək oldu. Bu, çox böyük diqqət və qayğıdır. Nə olsun ki, iyirmi gəncin arasından bir neçəsi qalib olur. Lap elə bir qalib olsun, bu, istənilən halda muğam sənətimizin qazancıdır ki, səhnəyə yeni səs, yeni nəfəs gəldi. Çox yaxşı tələbələrimiz var. Mən muğamımızın gələcəyindən arxayınam.

– Yaradıcılığınızın əsas istiqamətlərindən biri bacılar duetidir. Bu sizə Gülyaz xanımla səhnədə güvən də verə bilər, məsuliyyətinizi artıra da…

– Hər ikisi var… Əvvəla, duet oxumaq çox çətindir. Burada bir-birini anlamaq var, səslərin uyğunluğu var, baxışları işarələrlə  hiss edib onu ötürməyi bacarmaq var. Biz buna o qədər alışmışıq ki, anındaca birimiz digərini anlaya bilir. Xatırlayırsınızsa, uzun illər  duet ifaçılığı üzərində qurulmuş veriliş vardı. Orada ifaçılar duet ortağı olanda bir sənət rəqabəti yaranırdı. İlk növbədə tərəflər bir-birinə hörmətlə yanaşmalıdır, digər tərəfdən də bu sənətin mədəniyyəti göstərilməlidir. Mədəniyyət adicə ifada belə var. Duet ortağına qarşı heç zaman mədəniyyətsizlik etmək olmaz. Təbii ki, rəqabət burada rəqabət var və hərə öz imkanlarını göstərməlidir. Lakin ortağının bir zənguləsinə, iki beytinə qarşı beş zəngulə ilə cavab vermək olmaz. Yəni duetdə tərəflər arasında hörmət və mədəniyyətin harmoniyası olmalıdır. Biz kiçik yaşlarımızdan əl-ələ tutub sənət yoluna gələn ayrılmaz bacılarıq. Bəzən şayiələr eşidirik ki, bacılar dalaşıb, bir-birindən küsüb. İnanın hamısı boş söz-söhbətlərdir. Belə hallar ümumiyyətlə, xarakterimizdə olmayıb. Gülyaz Bakıda oxuyanda o zaman telefon əlaqəsi indiki kimi deyildi. Biz iki bacı məktublaşırdıq və Gülyaza yazırdım ki, mən mütləq səhnəyə gələcəyəm. Təsadüf elə gətirdi ki, mən səhnəyə gələndə Gülyaz ailə həyatı qurdu, bir müddət sənətdən uzaq qaldı və mən irəlilədim. Bir zaman mənə əl uzadıb səhnəyə gətirən bacımı bu dəfə mən yenidən səhnəyə qaytardım. İlk dəfə 1997-ci ildə Ulu öndər Heydər Əliyevin qarşısında “Heyratı” muğamı ilə çıxış etdik. Bir ildən sonra bizə Əməkdar artist adını verdi. Ümummilli lider Hər dövlət tədbirində bizim iştirak etməyimizi istəmişdi. “Bacılar” adını da bizə Heydər Əliyev verib. Mədəniyyət və incəsənət adamlarına onun xüsusi diqqəti və qayğısı vardı, yəni bunu görməmək mümkün deyildi. Onunla səfərlərdə olmuşuq, ailə məclislərinə dəvət də almışıq. Ulu öndərin xatirəsi bizim üçün çox əzizdir.

– Dövlətin sizə verdiyi fəxri adlardan savayı, siz Özbəkistanın da Xalq artistisiniz…

– Əslində mən belə adı Türkmənistandan gözləyirdim, çünki 2006-cı ildən başlayaraq orada fəaliyyətim daha çox olub. Dörd dəfə solo konsert vermişəm, dəfələrlə dövlət başçısının şəxsi dəvətilə onun doğum günündə iştirak etmişdim. Pandemiya dövrü hər bir sahənin fəaliyyətinə təsir etdi. Ondan sonra Özbəkistantanda Heydər Əliyev Mərkəzi tərəfindən dəvət aldım, onların müstəqillik günündə, bütün şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı oldum. Gün olurdu gündüz gənclər qarşısında, axşam konsert məkanlarında çıxışlarım olurdu və heç zaman  ağlımın ucundan belə fəxri ad almaq kimi fikir keçməyib. Hətta bu xəbəri eşidəndə o qədər təəcüblənmişdim ki, dəqiq olduğuna inanmaqda tərəddüd də etdim. Təbii ki, belə bir ad məni çox qürurlandırdı, sənətimə verilən dəyər Azərbaycan musiqisinə olan böyük ehtiramın təcəccümü idi. Azərbaycan musiqisi mənə Türkmənistanın “Altun əsir bəşiri yenicisi” qızıl medalını, Turan Akademisinin Fəxri doktoru adını, Özbəkistan Mədəniyyət Nazirliyinin “Mədəniyyət və sənət fədakarı” medalını, Türk Sənət Dünyasının “Kürəsəl başarılar” ödülünü qazandırıb. Bu, Azərbaycan mədəniyyətinin təntənəsidir.

– Fəaliyyətinizə baxanda düşünmək olar ki, zəif qadın yoxdur…

– Mənim nəzərimdə zərif, eyni zamanda güclü qadın var. Bu gün elə bir sahə yoxdur ki, orada qadının imzası olmasın. Ailə dəyərləri çərçivəsindən baxsaq, evimin gücü-qüvvəsi, hər zaman arxayınlıqla söykənə biləcəyim ömür-gün yoldaşımdır. Onunla mən güclüyəm, rahatam və ailəmizin sabahına arxayınam.

– Ailədən söz düşmüşkən, deyəsən, davamçılarınız görünür, övladlarınız arasında…

– Həmişə arzulamışam ki, balalarımın dördü də elə bu sənətdə olsun. Bir valideyn olaraq bunu onların öz ixtiyarına buraxmışıq, seçim özlərinindir. Amma genetik olaraq onlarda sənətə meyli hiss edirəm. Aralarında ən fəalı sonbeşiyimizdir. Yenə də zaman hər şeyi göstərəcək. İstedad elə bir atəşdir ki, kiçik qığılcımdan belə, alovlana bilir. Həqiqi istedadla yanaşı, böyük ürək, sevgi və istək varsa, mütləq özünü büruzə verəcək. Bu baxımdan biz hər zaman övladlarımızın yanındayıq, təki hər şey onların ürəyincə olsun.

SÖZARDI: Səhnədə eşitdiyimiz hər səsin arxasında görünməyən bir ömür var. Bu ömürdə zəhmət də var, səbr də, susaraq keçilən yollar da. Muğam oxuyan səs isə təkcə musiqi ifa etmir, o, yaddaşı da oyadır. Bəlkə də bu gün çox ehtiyacımız olan da budur – bizi özümüzə qaytaran bir səs: çünki insan kökündən uzaqlaşanda yox, onu xatırlayanda güclü olur.

 

Söhbətləşdi: Tamilla M-ZADƏ

Azərbaycan.media