Azərbaycan.media xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən dinləmədə çıxışı zamanı turizm sektorunun əhəmiyyətindən danışıb.
Komitə sədri bildirib ki, hazırda Azərbaycanda turizm sektorunda 80 minə yaxın insan çalışır. Aparılan hesablamalara əsasən, turizmin inkişafı yaxın illərdə əlavə olaraq 450 yeni iş yerinin açılmasına dəstək verə bilər.
Onun sözlərinə görə, turizm 50-dən çox sahəni birləşdirən geniş və çoxşaxəli sektordur. Bu sahə inkişaf etdikcə dövlət büdcəsinə daxilolmalar artır, məşğulluq səviyyəsi yüksəlir, kiçik və orta biznes subyektləri genişlənir, regionların sosial-iqtisadi dirçəlişi sürətlənir.
Musa Quliyev qeyd edib ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkənin mövcud potensialından xeyli aşağıdır. O vurğulayıb ki, Azərbaycanın zəngin təbiəti, qədim tarixi, rəngarəng mədəniyyəti və milli mətbəxi turizm baxımından böyük cəlbediciliyə malikdir. Eyni zamanda ölkədə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin olunur.
Bununla belə, komitə sədri əlavə edib ki, qiymət siyasəti, xidmət keyfiyyəti, logistika və beynəlxalq tanıtım sahəsində mövcud problemlər aradan qaldırılmadan Azərbaycanın güclü turizm ölkəsinə çevrilməsi çətin olacaq.
