Azərbaycan.media xəbər verir ki, Azərbaycanda hərbi qulluqçuların (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə və hərbi rütbələrə görə aldıqları pul təminatının məbləğinin artırılması təklif edilir.
Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə həmçinin real vəziyyət və mənzil kirayəsi bazarında müşahidə olunan qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsinə görə ödənilən pul kompensasiyasının məbləğinin artırılması da təkliflər sırasında yer alıb.
Bununla yanaşı, Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasına qədər respublikanın ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında – 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş vermiş döyüşlərdə və digər hərbi toqquşmalarda, eləcə də 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də təklif olunur.
Vurğulanıb ki, müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da irəli sürülən təkliflər arasındadır.
