Azərbaycan.media xəbər verir ki, Azərbaycanda iş yerlərində təkrar mobbinqə məruz qalan işçilərə əlavə səlahiyyətlərin verilməsi təklif olunur.
Məlumata görə, Publika.az-ın yaydığı xəbərdə bildirilir ki, məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Təklifə əsasən, Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbinq)” adlı yeni maddənin əlavə edilməsi və bu sahədə hüquq münasibətlərinin ayrıca maddədə ümumiləşdirilməsi məqsədəuyğun hesab olunur.
Bundan əlavə, Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) dəyişiklik edilərək, iş yerində təkrar psixoloji zorakılığa (mobbinqə) məruz qalan işçilərə əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyətinin verilməsi təklif edilir.
Xatırladaq ki, mobbinq şəxsin iş həyatından kənarlaşdırılması məqsədilə qəsdən həyata keçirilən psixoloji zorakılıq formasıdır. Bu proses adətən hörmətsiz, alçaldıcı və təhqiramiz rəftar, əsassız ittihamlar və sosial nüfuzun sarsıdılmasına yönəlmiş davranışlarla müşayiət olunur.
