🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabiq böyük müstəntiqə 7 il həbs cəzası verildi

Azərbaycan.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Təqsirləndirilən şəxs dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində ittiham olunub. İttihama görə, o, 12 iyun 2014-cü ildən 11 sentyabr 2017-ci ilədək Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində böyük müstəntiq vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurub, təkrar dələduzluq edib, habelə vəzifəli şəxsin xidməti səlahiyyətlərinin icrası ilə bağlı qanunsuz hərəkətlərə görə maddi nemətin rüşvət qismində verilməsinə digər şəxsləri təhrik edib.

Qeyd edək ki, Müşfiq Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Daha əvvəl Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq və vəzifə səlahiyyətlərini aşma cinayətlərində təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Həmin vaxt ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti ilə şərti cəza verilmişdi.