Azərbaycan.media xəbər verir ki, ABŞ-ın şərq ştatları yenidən güclü qar çovğununun təsiri altına düşüb.
Amerika Birləşmiş Ştatları ərazisində Delaverdən Massaçusetsə qədər uzanan bir sıra ştatlarda fövqəladə vəziyyət elan edilib. Ölkə üzrə bu gün 5 mindən çox daxili və beynəlxalq uçuş ləğv olunub. Ən çox zərər çəkən hava limanları isə ölkənin şimal-şərqində yerləşən Nyu York, Nyu-Cersi, Boston və Filadelfiya şəhərlərindədir.
Hazırda çovğun xəbərdarlığı Konnektikut, eləcə də Nyu-Cersi və Nyu York ştatlarında bu gün axşam saatlarınadək qüvvədə qalacaq.
Qeyd olunur ki, güclü fırtına Nyu York şəhəri üçün son doqquz ilin ilk çovğun xəbərdarlığıdır. Şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bəzi ərazilərdə qarın hündürlüyü 40 santimetrə çatıb.
Fırtına nəticəsində bu gün səhər saatlarında ölkənin şərqində 300 mindən çox sakin elektrik enerjisiz qalıb. Vaşinqton ətrafı ərazilər də qarın təsirinə məruz qalıb, məktəblərdə tədris prosesi dayandırılıb.
Bundan əlavə, Ronald Reyqan Vaşinqton Milli Hava Limanı və Baltimor Vaşinqton Beynəlxalq Hava Limanında 300-dən çox uçuş ləğv edilib.
