Azərbaycan.media xəbər verir ki, Türkiyə ilə İsrail arasında artan gərginlik artıq təkcə Qəzza müharibəsi ilə məhdudlaşmır. Qarşıdurma Egey dənizi, Şərqi Aralıq dənizi, Suriya və Afrika Buynuzu da daxil olmaqla daha geniş coğrafiyada strateji rəqabət müstəvisinə keçib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan ilə Kiriakos Mitsotakis arasında keçirilən son görüş iki ölkə arasındakı gərginliyi qismən azaltmağa xidmət etsə də, Egey dənizində hərbi status, eləcə də müstəsna iqtisadi zona sərhədləri kimi əsas məsələlər hələ də açıq qalır.
Digər tərəfdən, İsrail–Yunanıstan–Cənubi Kipr arasında imzalanan müdafiə əməkdaşlığı sazişi çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Sazişə əsasən, İsrail hərbi məsləhət dəstəyi verəcək, həmçinin silah alışının artırılması nəzərdə tutulur.
Ankara sözügedən əməkdaşlığı bölgədə qüvvələr balansına təsir göstərə biləcək addım kimi qiymətləndirir və prosesin Şərqi Aralıq dənizində geosiyasi dinamikanı daha da mürəkkəbləşdirə biləcəyini bildirir.
