Azərbaycan.media xəbər verir ki, fevralın 22-də Bakıda Türk dünyasının böyük şairi, mütəfəkkiri və siyasi xadimi Əmir Əlişir Nəvai anadan olmasının 585 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əliağa Vahid adına Respublika kitabxanasında təşkil olunan tədbirdə tanınmış qələm sahibləri və qəzəl şairləri iştirak ediblər.
Tədbirdə çıxış edən şair, jurnalist və ədəbiyyatşünas Əvəz Qurbanlı Əmir Əlişir Nəvai türkdilli ədəbiyyatın ən böyük nümayəndəsi olduğunu vurğulayıb:
“Əlbəttə, bizim Nizami, Xaqani, Qətran Təbrizi, Nəsimi, Füzuli kimi böyük şairlərimiz var. Ancaq türk dilində yazıb-yaratmış, türk dilinin cığatay qolunun Çindən tutmuş Mərkəzi Avropaya qədər, Yaxın Şərq və Ərəb yarımadası da daxil olmaqla geniş coğrafiyada yayılmasının və vahid ədəbi dilə çevrilməsinin başlıca səbəbkarı Əlişir Nəvaidir. Məhz onun sayəsində türk dili qlobal miqyasda önəm qazandı. Osmanlı, Səfəvi, Əfşar və Qacar saraylarında türkcənin cığatay ədəbi dili kimi nüfuzunun artmasına böyük təsir göstərdi”.
