Azərbaycan.media xəbər verir ki, Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.
Uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılara xidmət edən dövlət müəssisəsidir. Qurumun fəaliyyəti xüsusilə 0-6 yaş arası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsinə yönəlib. Uşaqlar erkən inkişaf dövründə psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar.
Ziyarətdən sonra Leyla Əliyeva “Mother Teresa” Universitet Xəstəxana Mərkəzi ilə tanış olub. Mərkəz Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanası olaraq fəaliyyət göstərir və burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksək səviyyəli tibbi xidmətlər göstərilir.
Xüsusilə ölkənin əsas onkoloji xidməti burada cəmlənib və xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim olunur. Mərkəzdə hər bir uşağın sağlamlığına həssas yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.










