🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

VAXTSIZ KÖÇÜN KÖLGƏSİNDƏ BÖYÜYƏN UŞAQLAR

 

Vaxtsız köç bir evin divarlarını sarsıdan səssiz zəlzələdir. O, qapını döymədən girər, ocaq başında yarımçıq qalan sözləri, süfrədə soyuyan çayı, yastıqda qalan nəfəs izini özü ilə aparar. Lakin ən ağır yükü divarlar yox, uşaqlar daşıyar. Çünki uşaq qəlbi hələ həyatın sərtliyinə bərkiməmiş bir torpaqdır; ora düşən hər iz dərin və silinməz olar. Valideyn itkisi ilə böyüyən uşaq birdən-birə yaşından böyük düşünməyə məcbur qalar. Oyuncaqların dili susar, nağılların sonu dəyişər, gecələr daha uzun, səhərlər daha yorğun açılar.
Belə uşaqların gözündə qəribə bir sakitlik olar. Onlar çox vaxt az danışar, amma dərin baxarlar. Çünki onlar erkən yaşda öyrənərlər ki, həyat həmişə ədalətli deyil. Hər gülüşün arxasında bir nisgil, hər sevincin içində bir qorxu gizlənə bilər. Məktəb yolları digər uşaqlar üçün sadə bir gündəlik marşrut olduğu halda, onlar üçün həm də xatirələrin keçid yeridir. Ata əli tutmayan, ana səsi eşitməyən səhərlər onların ruhunda boşluq yaradar. Bu boşluq isə təkcə fiziki yoxluq deyil, həm də güvən hissinin zədələnməsidir.
Vaxtsız köçün kölgəsində böyüyən uşaqlar tez-tez suallar verər: Niyə mən. Niyə bizim ev. Niyə bu qədər tez. Bu sualların bəzisinin cavabı yoxdur. Cavabsızlıq isə uşaq ruhunda səssiz bir ağrı kimi qalır. Onlar ya içlərinə qapanar, ya da həddindən artıq məsuliyyətli olarlar. Kiçik çiyinlərində böyük yük daşıyar, analarına dayaq, bacı-qardaşlarına sipər olmağa çalışarlar. Bəzən isə öz uşaqlıqlarını itirərək erkən yetkinliyə qədəm qoyarlar.
Belə uşaqlar üçün cəmiyyətin rolu böyükdür. Əgər bir əl onların başını sığallayarsa, bir söz ürəklərinə ümid əkərsə, o zaman kölgə bir az çəkilər. Müəllimin anlayışı, qohumun qayğısı, qonşunun diqqəti bir uşağın taleyini dəyişə bilər. Çünki sevgi və mərhəmət insanın içindəki qaranlığı işıqlandıran ən güclü qüvvədir. Uşaq bilməlidir ki, itki onun günahı deyil, həyatın sərt sınağıdır. Bilməlidir ki, yoxluq sevginin bitməsi demək deyil. Əksinə, bəzən sevgi fiziki varlıqdan daha böyük və daha davamlı olur.
Vaxtsız köç həm də bir irs buraxar. O irs xatirədir. Əgər o xatirə qorxu ilə deyil, sevgi ilə yaşadılarsa, uşaq kölgədən çıxmağı bacarar. O zaman itki onu sındırmaz, möhkəmləndirər. Ağrıdan mərhəmət, kədərdən hikmət doğular. Belə uşaqlar gələcəkdə başqasının göz yaşını daha tez anlayar, başqasının dərdinə daha həssas yanaşar. Onların qəlbində yaranan boşluq bəzən insanlığa açılan bir pəncərəyə çevrilər.
Lakin unutmaq olmaz ki, hər uşaq eyni gücə malik deyil. Bəziləri bu kölgədən çıxmaq üçün daha çox dəstəyə ehtiyac duyar. Psixoloji dayaq, sevgi dolu mühit və sabitlik onların ruhunda yaranan çatları sağalda bilər. Əks halda, içində böyüyən kədər gələcək həyatına təsir edə bilər. Buna görə də vaxtsız köçün acısını yaşayan uşaqlara yalnız mərhəmətlə baxmaq kifayət deyil, onlara davamlı diqqət və anlayış göstərmək lazımdır.
Nəticə olaraq, vaxtsız köçün kölgəsində böyüyən uşaqlar həyatın ən ağır dərsini erkən yaşda öyrənənlərdir. Onların taleyi bizim münasibətimizdən asılı olaraq ya qaranlıq bir xatirəyə, ya da güclü bir xarakterə çevrilə bilər. Hər birimiz belə uşaqların həyatında bir işıq ola bilərik. Çünki bir uşağın ürəyində yandırılan ümid çırağı, bir ailənin sönən ocağının yerini tam doldurmasa da, gələcəyin yolunu işıqlandıra bilər. Həyat bəzən yarımçıq qoyar, amma sevgi və qayğı o yarımçığı tamamlayan ən böyük qüvvədir.

 

✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.

Mənbə: Azərbaycan.media