Azərbaycan.media xəbər verir ki, Laçın şəhərindən olan keçmiş məcburi köçkün ailəsinin üzvü, hazırda Bakı şəhərinin Qaradağ rayonu, “Qobu Park-1” yaşayış kompleksində məskunlaşan 29 nömrəli Laçın tam orta məktəbinin 9-cu sinif şagirdi Məhəmməd Vəli oğlu Rüstəmli beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
Gənc idmançı məşqlərini “Qobu Park-1” yaşayış kompleksində fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov adına idman klubunda davam etdirir. Klubda yaradılmış müasir şərait onun peşəkar inkişafına mühüm töhfə verib. Məhəmməd respublika səviyyəli yarışlarda dəfələrlə birincilik qazanaraq müxtəlif medallara layiq görülüb.
O, 13–15 fevral 2026-cı il tarixlərində Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyası (AİGA) tərəfindən təşkil olunan Avrasiya çempionatında ölkəmizi uğurla təmsil edib. 30-dan çox ölkənin və 90-dan artıq idman akademiyasının qatıldığı nüfuzlu AİGA qreplinq turnirində Məhəmməd həm fərdi, həm də komanda hesabında fərqlənərək qızıl medal qazanıb. Onun yüksək hazırlıq səviyyəsi qurumun rəsmi platformalarında da nümunəvi iştirak kimi xüsusi vurğulanıb.
Uzun illər çətin şəraitdə yaşamış Rüstəmlilər ailəsi dövlət tərəfindən həyata keçirilən sosial proqramlar çərçivəsində “Qobu Park-1” yaşayış kompleksində müasir və rahat mənzillə təmin olunub. Kompleksdə yaradılmış geniş idman infrastrukturu Məhəmməd kimi gənclərin peşəkar idmanla məşğul olmasına real imkanlar açıb.
Gənc çempion doğma Laçın şəhərinin işğaldan azad olunmasını böyük qürurla qarşıladığını bildirib. O qeyd edib ki, əldə etdiyi uğurlara görə ölkə rəhbərliyinə və ona göstərilən diqqətə görə minnətdardır. Məhəmmədin əsas arzusu tezliklə doğma Laçına qayıdaraq orada idmanın inkişafına töhfə vermək və gəncləri sağlam həyat tərzinə təşviq etməkdir.
Məhəmməd Rüstəmlinin bu qələbəsi dövlətin gənclər siyasətinin və idmana yönəlmiş ardıcıl strategiyasının növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.
