🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bir ömrün vicdanı: Rüstəm Məmmədovun şərəfli həyat və xidmət yolu

 

İnsan var illərlə yaşayır, insan da var ömrü ilə cəmiyyətə yol göstərir. Rüstəm Məmmədov məhz ikinci nümunədəndir. Onun 78 illik ömrü təkcə yaşın artımı deyil, məsuliyyətin, vicdanın və vətəndaş mövqeyinin addım-addım möhkəmləndiyi bir həyat yoludur.
Biləsuvarın torpağına, suyuna, təbiətinə bağlılıq Rüstəm Məmmədov üçün sadəcə hiss deyil, gündəlik fəaliyyətdir. O, illərdir ki, ekologiyanın qorunmasını şəxsi həyat missiyasına çevirərək ətraf mühitin çirkləndirilməsinə qarşı ardıcıl və prinsipial mübarizə aparır. Heç bir rəsmi statusa, vəzifəyə arxalanmadan, yalnız vətəndaş məsuliyyəti ilə rayon və ətraf ərazilərdən axan kanallar boyunca ekoloji vəziyyəti yerində izləyir, pozuntuları sənədləşdirir, susmur.
Onun fərqləndirici cəhəti gördüyü nöqsanla barışmamasıdır. Sosial şəbəkələr vasitəsilə ekoloji problemləri ictimailəşdirir, aidiyyəti qurumlara fakt və görüntülərlə müraciət edir, nəticə tələb edir. Bu çağırışlar çox zaman real nəticə verib, məsul qurumların müdaxiləsi ilə konkret problemlər aradan qaldırılıb. Bu isə bir daha sübut edir ki, vətəndaş mövqeyi olduqda tək bir insan belə böyük dəyişikliklərin başlanğıcı ola bilər.
Rüstəm Məmmədovun fəaliyyətində nə maddi maraq var, nə də şəxsi iddia. Burada yalnız torpağa sədaqət, təbiətə sevgi və gələcək nəsillər qarşısında daşıdığı mənəvi məsuliyyət dayanır. 78 yaşında belə kanalların kənarında olmaq, ekoloji pozuntuların qarşısında sipər durmaq, cəmiyyətə nümunə göstərmək hər kəsin bacaracağı iş deyil. Bu, güclü iradənin, zəngin həyat təcrübəsinin və əsl vətəndaşlıq mövqeyinin göstəricisidir.
Onun həyat yolu bizə açıq mesaj verir:
təbiəti qorumaq başqasının yox, hər birimizin borcudur;
qanunsuzluğa susmaq gələcəyə xəyanətdir;
məsuliyyəti ötürmək yox, üzərinə götürmək lazımdır.
Belə insanlar cəmiyyətin səs-küy yaratmayan, amma ən möhkəm dayaqlarıdır. Onlar sözlə deyil, ömürləri ilə tərbiyə edirlər. Rüstəm Məmmədovun 78 illik ömrü də məhz bu cür şərəfli xidmətin, sədaqətin və vicdanın salnaməsidir.
Bu mənalı ömür yolunun zirvəsində isə onu tanıyanların ürəyindən süzülən səmimi sözlər, poeziyanın dili ilə səslənir:

Rüstəm müəllimin 78 yaşına…

Səni Allahımız bəxş edib bizə!
Bu gün yetişirsən yetmiş səkkizə,
Xeyir-dua verdin sən Mübarizə,
O da yaxşı əzdi düşmənin başın!
Rüstəm bəy, mübarək olsun bu yaşın!

İgid Hikmətləri hərbə yolladın,
Bu yolda çəkilir sənin də adın,
Var olsun həmişə qolun, qanadın!
Şirin nəvələrin, ömür sirdaşın,
Qardaşım, mübarək olsun bu yaşın!

Qəhrəman atanın ilk övladısan,
Anamın dilinin şirin dadısan,
Böyük ailənin qol-qanadısan,
Mübarəkdir sənin ağsaqqal yaşın!
Təbrik edir səni Tofiq qardaşın.

 

Dərin hörmətlə,
Məmməd Əvəzoğlu

Mənbə: Azərbaycan.media