Azərbaycan.media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 42 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
Təyinatlar paytaxtdakı bir sıra tam orta ümumtəhsil məktəblərini, o cümlədən lisey və internat tipli təhsil müəssisələrini əhatə edib. Yeni rəhbərlər işə qəbul üzrə keçirilmiş müsabiqədə uğur qazanmış namizədlər arasından seçiliblər.
Məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisasları üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcə və elmi adı olduqda azı 3 il) malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak ediblər.
Qeyd olunub ki, təyinatlar vakant vəzifələrin tutulması və ümumi təhsil müəssisələrində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
