🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oğlumun 20 manatlıq cəriməsi və cəmiyyət üçün böyük dərs

Azərbaycan.media xəbər verir ki, jurnalist Fəridə Aslanova şəxsi həyatında baş verən bir hadisə ilə bağlı diqqətçəkən fikirlərini bölüşüb.
Onun sözlərinə görə, oğlu dərsə tələsdiyi üçün işıqforun qırmızı işığında piyada zolağını keçib və yol polisi tərəfindən 20 manat məbləğində cərimələnib.
Müəllif bu qərarı tam ədalətli hesab edir və bildirir ki, qanun hamı üçün eyni olmalıdır. O qeyd edir ki, 11-ci sinif şagirdi olan oğlu nə qədər ağıllı və qanunpərəst olsa da, ani diqqətsizlik hər hansı sürücü üçün ciddi problem yarada bilərdi.
Fəridə Aslanova hesab edir ki, vaxtında tətbiq edilən cəza insan üçün dərs xarakteri daşıyır. Onun fikrincə, cəmiyyətdə özbaşınalıqların artmasının əsas səbəblərindən biri də səhvə vaxtında reaksiya verilməməsidir. Gecikmiş cəzalar isə artıq təsir gücünü itirir.
Jurnalist, oğlunun cəriməsini nə özünün, nə də ailə üzvlərinin ödəməsinə icazə verdiyini bildirib. O vurğulayıb ki, hər kəs öz səhvinin məsuliyyətini daşımalıdır və cərimə məhz oğlunun öz qənaət etdiyi vəsait hesabına ödəniləcək.
Hadisədən sonra ana ilə oğul arasında söhbət də baş tutub. Oğlu yaxınlaşan buraxılış imtahanları, məktəb və əlavə məşğələlərin yaratdığı yorğunluq və yuxusuzluq səbəbindən diqqətsiz davrandığını etiraf edib. Lakin müəllif bildirib ki, heç bir səbəb yol hərəkəti qaydalarının pozulmasına haqq qazandıra bilməz.
O, hesab edir ki, məsələ 20 manatın məbləği deyil, məsuliyyət və özünütənqid hissidir. Hər bir insan hərəkətlərinə tənqidi yanaşmalı, xüsusilə də hər gün istifadə etdiyi yolların qaydalarına ciddi riayət etməlidir.
Müəllif sonda qeyd edir ki, cərimə mütləq ödəniləcək və bu hadisə onun oğlu üçün yaxşı dərs olacaq. O eyni zamanda arzu edir ki, ölkədə bir çox sistemlər də məhz qanunun tətbiqindəki qətiyyət və prinsipiallıqla işləsin.

 

Mənbə: Azərbaycan.media