🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bir ömrün məsuliyyəti: Rüstəm Məmmədov nümunəsi

Bəzən insanın yaşı onun fəaliyyət dairəsini məhdudlaşdırmır, əksinə, məsuliyyətini daha da dərinləşdirir. Bu mənada 80-ə yaxın yaşı olan həmyerlimiz Biləsuvar şəhər sakini Rüstəm Məmmədov təkcə fəal ictimaiyyətçi və ekoloq deyil, həm də cəmiyyət üçün vicdan səsidir.
Rüstəm Məmmədov illərdir ki, ekologiyanın qorunması, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə aparır. O, heç bir rəsmi status, xüsusi səlahiyyət olmadan, yalnız vətəndaş məsuliyyəti və daxili inamı ilə Biləsuvar və ətraf qonşu rayonların ərazisindən axan kanallar boyunca ekoloji vəziyyəti yerində izləyir. Qanunvericiliyə zidd hallar, ətraf mühitə qarşı biganə münasibət onun diqqətindən kənarda qalmır.
Ən önəmlisi isə budur ki, Rüstəm Məmmədov gördüyü problemlərlə kifayətlənmir. Sosial şəbəkələr vasitəsilə məsələni ictimailəşdirir, aidiyyəti qurumlara, yuxarı instansiyalara səslənir, konkret faktlar və görüntülərlə ekoloji problemlərin həllini tələb edir. Bu çağırışların nəticəsi olaraq bir çox hallarda məsul qurumların müdaxiləsinə nail olunub, konkret problemlər aradan qaldırılıb.


Bu fəaliyyətin arxasında nə maddi maraq, nə də şəxsi iddia dayanır. Burada yalnız torpağa bağlılıq, təbiətə sevgi və gələcək nəsillər qarşısında məsuliyyət hissi var. Bu yaşda belə yorulmadan çalışmaq, kanalların kənarında olmaq, ekoloji pozuntuları sənədləşdirmək hər kəsin bacaracağı iş deyil. Bu, böyük mənəvi gücün və vətəndaşlıq mövqeyinin göstəricisidir.
Rüstəm Məmmədovun fəaliyyəti bizə bir həqiqəti xatırladır:
Ekologiyanın qorunması yalnız qurumların işi deyil, hər bir vətəndaşın borcudur. Təbiətə biganəlik sabahımıza biganəlikdir. Onun nümunəsi sübut edir ki, istək və iradə varsa, tək bir insan da cəmiyyət üçün böyük dəyişikliklərə səbəb ola bilər.
Belə insanlar yaşadıqları mühitin sakit qəhrəmanlarıdır. Onların əməli fəaliyyəti sözlə deyil, nümunə ilə tərbiyə edir. Rüstəm Məmmədovun ömrü və fəaliyyəti bir çağırışdır:
— təbiəti qoru,
— qanunsuzluğa susma,
— məsuliyyəti başqasının üzərinə atma.
Bu nümunəyə baxıb düşünmək və nəticə çıxarmaq hər birimizin borcudur.

 

Hörmətlə,
Əhməd Qala Biləsuvarlı

Mənbə: Azərbaycan.media