🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda “Kitabla gələcəyə” adlı tədbir keçirilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 1 saylı məktəbdə Kitab Bağışlama Günü münasibətilə “Kitabla gələcəyə” adlı tədbir keçirilib.

Məktəbin direktoru Kəmalə Hüseynova tədbir iştirakçılarını salamlayaraq qonaqları təqdim edib.

Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AJB Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday, yazıçı Almaz Ərgünəş Bəyazid, şairlər Əbülfəz Əhməd və Xaqani Abbasəli Öztürk çıxış edərək kitabın və mütaliənin əhəmiyyətindən danışıblar, şagirdlərə tövsiyələrini çatdırıblar.

Uşaqların ifasında səslənən şeirlər və mahnılar tədbirə xoş ovqat qatıb.

Daha sonra qələm adamları məktəbin kitabxanasına, ibtidai sinif müəllimi Lalə Rəfiyeva və Uşaq Birliyi Təşkilatının rəhbəri Püstə Mustafayeva şagirdlərə kitablar hədiyyə ediblər.

Sonda Gülnarə Cəmaləddin layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Abşeron-Xızı Regional Təhsil İdarəsinə və 1 saylı məktəbin kollektivinə təşəkkürünü bildirib, bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Mənbə: Azərbaycan.media