🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Televiziyasının 70 illiyi münasibətilə təbrik

Azərbaycan.media xəbər verir ki, Mətbuat Şurası Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə bildirilib ki, Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 70 il ötür və bu əlamətdar tarix münasibətilə qurumun fədakar kollektivinin hər bir üzvü təbrik olunur, əsası 70 il əvvəl qoyulmuş ənənələrə sadiqliyin davam etməsindən məmnunluq ifadə edilir.

Qeyd olunub ki, Azərbaycan Televiziyası ötən 70 ildə respublikanın tarixinin canlı şahidi olmaqla yanaşı, onun şanlı səhifələrinin yazılmasında bilavasitə iştirak edib. Yüksək peşəkarlıq və özünəməxsus efir mədəniyyəti sayəsində mavi ekran milyonların rəğbətini qazanıb, televiziya mühiti isə intellektual məkana və ziyalı sözünün mötəbər tribunası səviyyəsinə yüksəlib. Vurğulanıb ki, bu tribuna Azərbaycanın azadlıq ideyasını qürurla daşıyıb və onun reallaşmasına mühüm jurnalist dəstəyi verib.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan Televiziyasının peşəkar dəst-xətti müstəqil respublikada hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesinə verilən töhfənin bariz nümunəsidir. Bildirilib ki, AZTV öz ənənəsini formalaşdıran media orqanı kimi ölkənin televiziya məkanında xüsusi yer tutur və 70 illik yubiley bu sahədə çalışan hər kəs üçün əlamətdar hadisədir.

Diqqətə çatdırılıb ki, qurumun fəaliyyəti ana dilinin saflığının qorunması baxımından da nümunəvi xarakter daşıyır. Eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiqi, yeni dövrün tələblərinə uyğunlaşma və ənənə ilə müasirliyin vəhdəti AZTV-ni etibarlı informasiya mənbəyinə çevirib.

Sonda Azərbaycan Televiziyasının rəhbərliyi və kollektivi bir daha təbrik olunub, onlara yeni uğurlar və nailiyyətlər arzulanıb.

Azərbaycan.media