Azərbaycan.media xəbər verir ki, paytaxt məktəblərində 3–9-cu sinif şagirdləri üçün “Oxu dəqiqələri” keçirilir. Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi 525.az-a açıqlamasında bildirib.
Qurumdan qeyd olunub ki, layihənin əsas məqsədi Azərbaycan dili dərslərində kollektiv mütaliəni təşkil etmək, şagirdlərin kitaba marağını artırmaq, yeniyetmə və gənclərin oxu bacarıqlarını inkişaf etdirmək, eyni zamanda onların nitq vərdişlərini təkmilləşdirməkdir.
“Oxu dəqiqələri” çərçivəsində siniflər üzrə tövsiyə olunan bədii ədəbiyyat nümunələri əsasında müzakirələr aparılır. Müəllim əvvəlcədən seçilmiş kitab və onun müəllifi haqqında şagirdlərə məlumat verir. Daha sonra şagirdlər növbə ilə əsərdən kiçik parçaları səsli şəkildə oxuyur, sinif isə mətni birlikdə dinləyir və müzakirə edir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində mütaliə işinin təşkili və şagirdlərin oxuya həvəsinin gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Uşaqların mənəvi inkişafında, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, həmçinin oxuya motivasiyanın artırılmasında “Oxu dəqiqələri”nin mühüm əhəmiyyəti olduğu vurğulanır.
