🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qulu Məhərrəmli: “Müstəqil medianın qorunması cəmiyyət üçün həyati əhəmiyyət daşıyır”

Qulu Məhərrəmli: “Müstəqil medianın qorunması cəmiyyət üçün həyati əhəmiyyət daşıyır”
Azərbaycan.media xəbər verir ki, tanınmış media eksperti Qulu Məhərrəmli ölkədə müstəqil informasiya resurslarının sayının ciddi şəkildə azaldığını vurğulayıb. Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən müstəqil saytların sayı barmaqla sayılacaq qədər məhduddur və bu, informasiya mühitində balansın qorunması baxımından narahatedici tendensiyadır.
Ekspert qeyd edib ki, belə çətin şəraitdə fəaliyyətini davam etdirən media qurumları xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə o, dəyərli jurnalist Pərviz Həşimli rəhbərliyi ilə fəaliyyət göstərən GUNUNSESİ.info saytının 10 illik yubileyini xüsusi olaraq vurğulayıb.
Qulu Məhərrəmli bildirib ki, yayımlanan materiallar göstərir ki, sayt geniş mövzu spektrini əhatə edir və müxtəlif informasiya mənbələrinə çıxış imkanına malikdir. Onun sözlərinə görə, platformada ictimai maraq doğuran yazılara yer verilir, sıravi vətəndaşların fikirlərinə açıq yanaşılır və tənqidə geniş imkan yaradılır.
Ekspert əlavə edib ki, Pərviz Həşimli fəaliyyətində insan haqları, demokratik dəyərlər, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və Avropa Məhkəməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır.
Sonda Qulu Məhərrəmli saytın kollektivini yubiley münasibətilə səmimi qəlbdən təbrik edib, gənc jurnalistlərə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

 

Mənbə: Azərbaycan.media