Azərbaycan.media xəbər verir ki, bu gün Şabran rayonunda yeni yaradılmış Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası baş tutub.
Dövlət Turizm Agentliyinin məlumatına əsasən, tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, eləcə də turizm sektoru üzrə dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.
İclasda rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək bildiriblər ki, regional turizm şurasının yaradılması ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək və əhalinin rifah səviyyəsinin yüksəlməsinə töhfə verəcək.
Agentlik sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O qeyd edib ki, təşəbbüs dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə və turizm sahəsində daha səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına xidmət edəcək.
Rəşad Əliyev isə bildirib ki, regional turizm şuraları yerli turizm potensialının daha səmərəli şəkildə üzə çıxarılmasına və vahid yanaşma əsasında turizm məhsullarının inkişafına imkan yaradacaq. Bu yanaşma regionların həm daxili, həm də beynəlxalq turizm bazarlarında daha effektiv tanıdılmasına şərait yaradacaq.
Həmçinin Agentliyin müvafiq şöbə müdiri Elgün Cavadov şuranın əhatə etdiyi rayonlarda həyata keçirilən fəaliyyətlər barədə təqdimatla çıxış edib.
Görüşdə şuranın prioritet fəaliyyət istiqamətləri, regionlarda turizmin dayanıqlı inkişafını təşviq edən birgə layihələr, qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və operativ qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, regionlarda turizm infrastrukturunun inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və yerli əhalinin turizm fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində təqdimatlar keçirilib, növbəti mərhələdə icrası planlaşdırılan layihələr üzrə əsas prioritetlər müəyyən edilib.
Qeyd edək ki, regional turizm şuraları turizm sahəsinin effektiv idarə olunması, mövcud çağırışlara çevik yanaşmaların tətbiqi, yerli səviyyədə koordinasiyanın genişləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılıb.
