Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.
Bildirilib ki, sabah Bakı və Abşeron yarımadası ərazisində sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Aprelin 18-20-də isə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilan rayonlarında qərb küləyi üstünlük təşkil edəcək. Küləyin sürətinin 13.9–20.7 m/san arasında olacağı proqnozlaşdırılır.
Eyni zamanda, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlı rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi daha da güclənərək 20.8–28.4 m/san-dək çatacaq.
Bundan başqa, aprelin 19-da ölkənin dağlıq və dağətəyi ərazilərində, 20-dən 21-i gündüzədək isə bəzi bölgələrdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Həmçinin çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.
