🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həmişə sevilən aktyor – Əliabbas Qədirov

Fuad Biləsuvarlı yazır 

Bir vaxtlar hər həftə televiziya ekranlarında nümayiş etdirilən “Komediyalar aləminə səyahət” adlı veriliş vardı. Həmin veriliş çox populyar idi və geniş tamaşaçı auditoriyası toplamışdı. Tamaşaçılar hər həftə o tamaşanı çox səbirsizliklə gözləyirdilər.

Verilişin aparıcısı o illərdə artıq tanınan və sevilən aktyor Əliabbas Qədirov idi. Aktyor Əliabbas Qədirovun səhnəyə yaraşan görkəmi, aydın diksiyası, səs tonu həmin verilişi daha məzmunlu və baxımlı edirdi.

Uzun müddət həmin veriliş öz populyarlığını itirmədi.

Əslində bu verilişin belə populyarlaşması Əliabbas Qədirovun istedadı və peşəkarlığı ilə bağlı idi. Əliabbas səhnə üçün doğulmuşdu. Teatrla nəfəs alırdı. Düz deyirlər ki, istedadı daşa da sərf etsən bar verər. Əliabbasın isə belə istedad sahibi olması çox erkən məlum olmuşdu. Onda Əliabbas hələ orta məktəbin səkkizinci sinfində oxuyurdu. Ancaq teatrlarla, tamaşalarla çox maraqlanırdı. Elə bu həvəslə də “Dəmiryolçular” klubundakı dram kollektivinin fəal üzvlərindən birinə çevrilir. Dram məşqlərinə xalq artisti Ağadadaş Qurbanov rəhbərlik edirdi.

Böyük aktyor yeniyetmə Əliabbasın xüsusi istedadı olduğunu elə ilk günlərdən hiss etmişdi, ona qayğı ilə yanaşırdı. Beləcə, 15-16 yaşlı Əliabbas Qədirovun səhnə həyatı belə başlanmışdı.

Niyyətin hara, mənzilin ora.

1965-ci ildə Əliabbas Qədirov artıq Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatrının tələbəsi idi. Dram və kino aktyorluğu fakültəsində təhsil alırdı. Həm də bəxti gətirmişdi. İxtisasdan kurs rəhbəri Mehdi Məmmədov, səhnə danışığından isə Müxlis Canızadə idi. Belə sənət adamlarından dərs almaq, onların məşğələlərində iştirak etmək Əliabbas Qədirov üçün böyük xoşbəxtlik idi.

Mehdi Məmmədov, teatr və rejissorluq sahəsində adını mədəniyyət tariximizə yazmış bir şəxsiyyət idi. O, Əliabbas Qədirovun istedadına görə institutun tədris teatrının ştatlı aktyorları sırasına daxil etmişdi, onun böyük gələcəyinə inanırdı. Əliabbas Qədirov isə belə böyük şöhrət qazanmış sənət adamının rəhbərliyi altında aktyor sənətinin sirlərinə yiyələnməkdən, səhnədə müxtəlif rolları canlandırmaqdan əsl zövq alırdı. Arzular gerçəkləşirdi. Əliabbas Qədirovun böyük teatrların səhnələrinə yolları açılırdı.

Sonuncu kurs tələbəsi olanda bəxt onun üzünə bir də güldü. Professor Mehdi Məmmədov Akademik Milli Dram Teatrda tamaşaya qoyduğu Hüseyn Cavidin “Xəyyam” tamaşasında ona Yusif rolunu həvalə etdi.

Hələ tələbə, Akademik Milli Dram Teatrın möhtəşəm səhnəsi, şöhrət qazanmış Mehdi Məmmədov kimi görkəmli rejissorun quruluşunda olan tamaşada rol almaq hər gənc aktyora qismət olmurdu. Bu, Əliabbas Qədirova olan yüksək etimadın, sonsuz inamın təzahürü idi. Əliabbas da bu etimadı doğrulda bildi, Yusif roluna layiq olduğunu sübut etdi.

Artıq böyük teatr səhnəsi Əliabbas Qədirovu, necə deyərlər, öz ağuşuna almışdı. Çox çəkmir ki, Əliabbas Qədirov Milli Dram Teatrın aparıcı aktyorlarından biri olur, rəngarəng obrazlar yaradır və adı afişaları bəzəyir. Oynadığı hər tamaşa onun səhnə fəaliyyətinin parlaq səhifəsinə çevrilir. Bu rolların şəbəkəsi isə çox genişdi.

Sabit Rəhmanın “Kələkbazlar” tamaşasında Xosrov, Mirzə Fətəli Axundovun “Xırs quldurbasanlar” tamaşasında Vəli, N. Dumbadzenin “Darıxma ana” tamaşasında Givi, Cəfər Cabbarlının “Aydın” tamaşasında İlyas, İslam Səfərlinin “Yol ayrıcında” tamaşasında Məğrur, Nazim Hikmətin “Məhəbbət əfsanəsi” tamaşasında Şərif, İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşasında Həbib və digər tamaşalarda rol almışdır.

Tamaşaçılar Əliabbas Qədirovu sevirdilər, onu alqışlayırdılar. Hər bir aktyor üçün bundan böyük mükafat nə ola bilər?!

Hər tamaşa teatrla nəfəs alan Əliabbas Qədirov üçün misilsiz uğur idi. Aktyor kimi yüksək səmərəli fəaliyyətinə görə o, 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 1989-cu ildə isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdü.

Əliabbas Qədirov bir vaxtlar sıravi aktyor kimi qədəm qoyduğu Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru kimi yüksək vəzifələrə ucalmışdı.

Azərbaycanın Xalq artisti Əliabbas Qədirov müxtəlif televiziya tamaşalarında da yaxından iştirak edir, yadda qalan obrazlar yaradırdı. Bu teletamaşalar o illərdə çox sevilir və maraqla izlənilirdi.

Sevimli aktyorumuz Əliabbas Qədirovun kino aktyoru kimi fəaliyyəti çox zəngindi. Düzü, aktyorun vikipediya səhifəsində onun kinofilmlərdə yer aldığı filmlərin siyahısına baxanda məni heyrət bürüdü. Təxminən 70-ə yaxın filmlərdə çəkilmək, rolları peşəkarlıqla canlandırmaq peşəyə sonsuz məhəbbətdən, fitri istedaddan və hədsiz gərgin zəhmətdən xəbər verirdi. Əliabbas Qədirov isə bütün bunların zirvəsində idi.

Təsadüfi deyil ki, sevimli aktyorumuz Eldar Quliyevin “Sevinc buxtası” filmində Nazim obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü.

Həmişə sevilən aktyor 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibətilə Dövlət başçısı tərəfindən yüksək “Şöhrət” ordeni ilə təltif olunmuşdu.

Əliabbas Qədirovun cəmi 60 yaşında qəflətən dünyasını dəyişməsi Azərbaycan mədəniyyətinə çox ağır itki idi. Onu yeni-yeni tamaşalar, parlaq rollar, daha sürəkli tamaşaçı alqışları gözləyirdi. Ömür vəfa qılsaydı, bu gün onun 80 illik yubileyini qədir bilən xalqımız sevinclə qeyd edəcəkdi.

Ancaq ölüm sevinməsin qoy. Onu illər ərzində yaratdığı obrazlar yaşadacaq, bundan sonra da seviləcək. Sevilən, seçilən, səhnəmizə və kinomuza yaraşan bir aktyor kimi…

Atam Əliabbas Qədirov və xatirələrim


Bu yazını hazırlayarkən özümə borc bildim ki, Əliabbas müəllimin qızı, dəyərli həkim Gültəkin Novruzova ilə danışım və o, atası haqqında xatirələrini Azərbaycan.media saytının diqqətli oxucuları ilə bölüşsün.

İstəkli oxucularımız,  buyurun, Gültəkin xanımın atası haqqında fikirləri ilə tanış olun.

Atam, Əliabbas Qədirov, ləyaqətli, ağır təbiətli, hökmran bir kişinin oğlu olub. Onun atası, Gülabbas babam, dəmiryolçu idi. Atamın isə diş həkimi olmasını istəyirdi.

Nənəm, Noğul xanım, 8 uşaq dünyaya gətirmiş qəhrəman bir ana idi. Çox gözəl, əliaçıq, ürəyi təmiz və mərd xanım idi. Yoxluğun nə olduğunu bilməyən ailənin əsas qazancı ticarət idi. Böyük qızı Zərifə bibimə və atama toy edən babam mən doğulmadan öncə qəflətən vəfat etdi, ailənin bütün yükü nənəmin üzərinə düşdü. O, bunun öhtəsindən çətinliklə də olsa gəldi.

Atamı həm böyük qardaş, həm də ata kimi qəbul edən özündən kiçik, bir-birləri ilə olduqca mehriban münasibətdə olan bacı-qardaşları ona hörmət edər, bir dediyini iki etməzdilər. Atam onlara bacardığı qədər dəstək olmağa çalışardı. Şükürlər olsun, Gülabbas kişidən qalan həyət-bacanın, ev-eşiyin çırağını bu gün Oqtay əmim və ailənin digər üzvləri yandırır.

Atam məktəbdə seçilən şagirdlərdən olub. Xüsusilə Dilşad müəllimə onda olan istedadı görür və onun məktəbdə təşkil olunan müxtəlif tədbirlərdə aktiv iştirakına şərait yaradır. Məktəbdən sonra qohumu, aktyor, qiraət ustası, əməkdar müəllim Ənvər Vəliyev ilə bərabər teatr və kino aktyoru, xalq artisti, karifey sənətkar Ağadadaş Qurbanovun dram dərnəyinə getməyə başlayır. Ağadadaş Qurbanov ona fitri istedadının olduğunu, aktyor ifasını bəyəndiyini və bu sənətin arxasınca getməsini məsləhət görür.

Həmin illərdə atam incəsənətə olan həvəsini və böyük səhnəyə olan sevgisini hiss edərək artıq həkim deyil, aktyor olacağına qərar verir. O, 1965-ci ildə məktəbi bitirir və yüksək qiymətlərlə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr institutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Onun sənət müəllimi və kurs rəhbəri isə xalq artisti, professor Mehdi Məmmədov olub.

Atam evlənmək yaşına çatır. Onun yanında bir neçə nəfərin adını çəksələr də, xalası qızı ilə ailə qurmaq istədiyini söyləyir və buna heç də asan olmasa belə nail olur. Anam Gülbahar xanımla ailə qurur. Atamla kurs yoldaşları öz aralarında söz verirlər ki, kimin ilk övladı oğlan olarsa Ülvi, qız olarsa Ülviyyə qoyulsun. Qardaşım dünyaya gəlir, adını babam İlham qoyur. Atam babamın sözündən çıxmır.

Mənim adım dahi dramaturq, şair və nasir Cəfər Cabbarlının “Aydın” əsərindəki baş qəhrəmanın adıdır – Gültəkin. 1 il sonra atam dünyaya daha bir qızının gəldiyini eşidəndə yanında sevilən komediya ustası, xalq artisti Əliağa Ağayev olur və atama məsləhət görür ki, qızına Gülçin adını versin.

Özümü belə bir ailədə yaşayıb, valideynlərimin bir-birinə olan hörmətinə, sevgisinə, hətta qısqanclığına şahid olaraq xoşbəxt böyüdüyümə görə şanslı hesab edirəm. Anam hamı haqqında yalnız müsbət düşünən, xeyirxah və mehriban qadın idi. Uşaq bağçasında tərbiyəçi işləyirdi. Evdə təhsilimiz və tərbiyəmizlə xüsusi olaraq anam məşğul olsa da, ümumi nəzarət atamda idi. Biz onun ağır xasiyyətinə bələd idik. Atama evdə xüsusi qayğı və diqqət vardı. Evimiz həmişə qonaq-qaralı olurdu. Qohumlar, atamın sənət dostları və hətta dərs dediyi tələbələr də evimizə gəlirdilər. Ailədə ad günləri xüsusi qeyd olunardı.

Valideynlərim tez-tez xarici ölkələrə səfər edərdi və bizi Nabat nənəmə tapşırardılar. Nənəmin bişirdiyi yeməklərin dadı hələ də damağımdadır. Bizə xörək bişirməyi, süfrə açmağı və səliqə-sahmanı xüsusi həvəslə öyrədirdi.

Atam teatrda aparıcı aktyorlardan biri idi. Sənəti və şəxsiyyəti ilə milyonların sevgisini qazansa da, heç vaxt deməzdi ki, “mən hansısa rolu yaratmışam”. Yaratmaq Allaha məxsusdur deyərdi; olduqca sadə və təvazökar insan idi. O, teatrdakı fəaliyyəti ilə yanaşı kinolara da çəkilir, televiziya tamaşalarında rol alırdı. O illərdə məşhur olan “Komediyalar aləminə səyahət” verilişinin aparıcısı idi və tez-tez radio verilişlərinə də dəvət alırdı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olurdu. Bütün bunlara baxmayaraq ailəsinə və balalarına xüsusi vaxt ayırırdı. Bizimlə bərabər gəzməyə gedər, vaxt keçirməyi sevər, istirahət edər və əylənərdi. Xüsusilə yay fəslində vətənimizin dilbər guşələrində və ölkədən kənarda kurort şəhərlərdə bizimlə bərabər dincələr, xüsusi zövq alardı. Atam qardaşımla bərabər üzgüçülüklə məşğul olardı və arada bizi teatra da aparardı.

Hər üçümüz musiqi məktəbində təhsil alırdıq. Ailədə ən çox sevilən, bəzən çəkinib atamıza deyə bilmədiyimiz sözü bacım Gülçin deyirdi və atam onun xahişini heç vaxt yerə salmazdı.

Atam bir dəfə təhsil aldığımız orta məktəbə gedir. Məktəbin direktoru ona deyir:
“Kaş ki, bu məktəbdə oxuyan bütün şagirdlər sizin qızlarınız kimi olardı.”

Düşünürəm ki, övlad olaraq valideynlərimiz bizdən razı idi. Çox təəssüf ki, onları tez itirdik. Kaş ki, yaşayıb, həyatda əldə etdiyimiz uğurların şahidi olub bizimlə fəxr edə bilsəydilər.

Atam 8 Mart Beynəlxalq Qadınlar Gününü həmişə şən əhvali-ruhiyyədə qarşılayardı. Gözəl səsi vardı və analara, bacılara aid olan mahnıları zümzümə edərdi. 2006-cı ilin 8 Mart səhəri isə, ondan cəmi 6 ay əvvəl vəfat etmiş anamın yanına köçdü. Valideynlərimizi itirəndə çox cavan idik. Onlardan doymadıq. Sonradan onların məsləhətinə və xeyir-duasına çox ehtiyacımız oldu, bu gün də var.

Təsəllimiz məzarlarını ziyarət etmək, xatirələri dilə gətirmək və ruhlarını şad etməkdir. Allah dünyasını dəyişmiş əzizlərimizə rəhmət eləsin. Allah atamı hələ də qəlbində yaşadan, onu xoş xatirələrlə xatırlayan və yad edən xalqımızdan, sənət dostlarından razı olsun. Onun xatirəsini hər zaman əziz tutan dövlətimizin qayğı və diqqətini də həmişə hiss etmişik.

Yaxın günlərdə Yasamal rayonunda küçələrdən birinə atamın adının verilməsi bunun təzahürüdür. Bu bizi çox sevindirdi. Əminəm ki, atamın ruhu şaddır.

Müəllif: Fuad Biləsuvarlı,
AYB və AJB üzvü,
Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media