Azərbaycan.media xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərov, Adıgözəl Bəşirov, İsmayıl Mehdiyev və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub və üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.
Müdafiə Nazirliyindən 525.az-a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda qazanılmış Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin döyüşlərdə göstərdikləri igidlik və şücaət nümunələrindən danışıblar. Anım mərasimlərində həmçinin hərbi-vətənpərvərlik mövzusunda bədii kompozisiyalar təqdim olunub.
Sonda şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
