Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
Bu barədə universitetdən bildirilib. Qeyd olunub ki, Rasim Məmmədov 1999–2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005–2012-ci illərdə isə dekan vəzifələrində çalışıb. O, 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor kimi fəaliyyət göstərib.
Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası sahəsini əhatə edib. O, ilk dəfə real metal–yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Alimin respublika və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuş 200-dən artıq elmi əsəri mövcuddur. Bunlara 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalə daxildir.
Rasim Məmmədov 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. O, 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.
