🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin kassasiya şikayəti geri götürülüb

Azərbaycan.media xəbər verir ki, həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayev şikayətini geri götürüb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Abdullayev 3 il müddətinə dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Baş Prokurorluğun açıqlamasına görə, Abdullayev və yaxınlarının bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərini leqallaşdırması ilə bağlı daxil olmuş müraciətlər araşdırılıb. İstintaq müəyyən edib ki, Abdullayev cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 hesab vasitəsilə 5,5 milyon manatdan artıq vəsaiti müxtəlif fiziki və hüquqi şəxslərin bank hesablarına köçürüb, konvertasiya əməliyyatları aparıb və qanunsuz əqdlər bağlayaraq yaxın qohumunun adına daşınmaz əmlak alıb.

Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq tamamlanaraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaqın digər iştirakçıların müəyyən edilməsi, leqallaşdırılmış əmlak və digər qanunsuz maliyyə əməliyyatları ilə bağlı araşdırmaları davam edir, həmçinin müvafiq ölkələrə hüquqi yardımlar üçün vəsatətlər göndərilib.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib və əvvəlcə dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.