Azərbaycan.media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib.
Xatırladaq ki, sözügedən cinayət işləri üzrə məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da isə məhkəmə kollegiyası müşavirəyə gedib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin bilavasitə rəhbərliyi və iştirakı, habelə maddi-texniki, şəxsi heyət və idarəetmə dəstəyi ilə Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə həyata keçirilmiş hərbi təcavüz nəticəsində törədilmiş çoxsaylı cinayət faktları üzrə ümumilikdə 15 nəfər təqsirləndirilən şəxs qismində ittiham olunur.
Onlar — Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori və Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təcavüzkar müharibənin planlaşdırılması və aparılması, soyqırımı, əhalinin məhv edilməsi və deportasiyası, işgəncə, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması, hakimiyyəti zorla ələ keçirmə və digər ağır maddələri ilə ittiham edilirlər.
Məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində davam etdiriləcək.
