Azərbaycan.media xəbər verir ki, son illər internet provayderləri ilə bağlı şikayətlərin artmasının əsas səbəbi infrastruktur keçidi zamanı yaranan texniki və koordinasiya çatışmazlıqlarıdır. Bu barədə İT mütəxəssisi Elvin Abbasov açıqlama verib.
Onun sözlərinə görə, köhnə ADSL texnologiyasından fiber-optik (GPON) şəbəkəsinə sürətli keçid prosesi bir sıra ciddi problemlərlə müşayiət olunub.
“Müxtəlif ünvanlarda montaj işlərinin keyfiyyətsiz aparılması, binaların daxili şəbəkə paylanmasında yaranan nasazlıqlar və provayderlərin vəd etdikləri internet sürətini son istifadəçi nöqtəsinə çatdıra bilməməsi istifadəçilərin narazılığına səbəb olur. Eyni zamanda, rəqəmsal xidmətlərin həcminin artması vətəndaşların internetin sürət və stabillik göstəricilərinə qarşı tələbkarlığını artırıb. Bu da ən kiçik kəsintilərin belə rəsmi şikayətə çevrilməsinə yol açır”, – deyə E.Abbasov bildirib.
İT mütəxəssisi vurğulayıb ki, qiymət artımı fonunda xidmət keyfiyyətinin eyni səviyyədə qalması və ya daha da pisləşməsi bazar rəqabətinin və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir:
“Tarif artımı infrastrukturun modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə əsaslandırılmadıqda bu, mövcud tənzimləmə mexanizmlərinin kifayət qədər effektiv olmadığını göstərir.”
Onun fikrincə, yüksək şikayət göstəricisi və müraciətlərə cavab müddəti uzun olan provayderlərə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir:
“Problemli provayderlərin fəaliyyət göstəricilərinin ictimaiyyət üçün şəffaf şəkildə açıqlanması, habelə əsas performans göstəricilərini mütəmadi pozan şirkətlərə qarşı inzibati tədbirlərin görülməsi xidmət keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.”
Qeyd edək ki, son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin “E-Şikayət” platformasına internet provayderləri ilə bağlı daxil olan müraciətlərin sayında artım müşahidə olunur.
