Azərbaycan.media xəbər verir ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRİPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirir.
Axar.az-ın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən sənədi şərh edərkən səsləndirib. O bildirib ki, sənəd həm də bu sahədə əməli fəaliyyətə başlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ayxan Hacızadə qeyd edib ki, TRİPP çərçivə sənədi Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından da önəmlidir:
“Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRİPP marşrutu eyni zamanda daha geniş regionda ticarət və nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm rol oynayır”, – deyə XİN rəsmisi vurğulayıb.
