Azərbaycan.media xəbər verir ki, 2020-ci ildə pandemiya səbəbilə bağlanan Azərbaycanın quru sərhədləri aradan keçən illərə baxmayaraq hələ də açılmayıb və ölkə faktiki olaraq dünyada quru sərhədləri bağlı qalan yeganə dövlət statusunu qoruyur. Artıq altıncı ilə daxil olan bu qərarın isə iqtisadi, sosial və humanitar baxımdan ciddi nəticələri var.
Mütəxəssislərin və müşahidəçilərin fikrincə, sərhədlərin bağlı qalması ilk növbədə ölkənin turizm potensialına ağır zərbə vurur. Ərazi, əhali və təbii imkanlar baxımından Azərbaycandan 2–3 dəfə geri qalan Cənubi Qafqazın digər iki ölkəsi daha çox turist cəlb etməyə nail olur və nəticədə turizmdən əldə etdikləri gəlirləri sürətlə artırırlar. Azərbaycan isə bu imkanlardan kənarda qalır.
Quru sərhədlərinin bağlı olması iqtisadi fəallığa və fərdlərin ticari imkanlarına da əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar üçün bu qərar əlavə maliyyə xərcləri, vaxt itkisi və sosial çətinliklər yaradır. Azərbaycan tarixən öz torpaqları ilə əhatə olunmuş, lakin bu torpaqların bir hissəsi müxtəlif ölkələrin tərkibində qalmış nadir ölkələrdəndir. Məsələn, Borçalı bölgəsində qohumunun toyunda və ya yas mərasimində iştirak etmək istəyən Qazax və ya Tovuz sakini əvvəlcə Bakıya gəlməli, oradan Tiflisə uçmalı, daha sonra isə yaşadığı kəndə cəmi 20 kilometr məsafədə yerləşən kəndə çatmalıdır. Məclisdən sonra isə eyni “pandemiya marşrutu”nu geri qayıtmalı olur. Bu isə həm ciddi maddi itki, həm də böyük vaxt itkisi deməkdir.
Mövzunun iqtisadi tərəfi də diqqət çəkir. 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsində artım cəmi 0,6 faiz təşkil edir. Müqayisə üçün, Ermənistanın büdcəsində 25 faizlik artım nəzərdə tutulur ki, bu da təxminən 8 milyard dollardan 10 milyard dollara yüksəliş deməkdir. Ekspertlər hesab edirlər ki, sərhədlərin bağlı qalması bu kimi makroiqtisadi göstəricilərə də dolayı təsir göstərir.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti quru sərhədlərin bağlı qalması qərarını 2026-cı ilin aprelinə qədər uzadıb. Bu isə cəmiyyətdə əsas sualı aktuallaşdırır: Azərbaycan niyə artıq 6 ildir sərhədlərini açmır və iqtisadi təsirlər nəzərə alınmaqla, bu qərarın apreldən tez dəyişməsi mümkündürmü?
Xatırladaq ki, 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədən sonra sərhədlərin açılacağına dair gözləntilər mövcud idi. Lakin görünən odur ki, Azərbaycan rəhbərliyinin təhlükəsizliklə bağlı hesablamaları və proqnozları daha fərqli olub. Xüsusilə İran daxilində və region ətrafında baş verən proseslər ölkənin təhlükəsizlik həssaslığını ən yüksək səviyyəyə qaldırıb.
Dünyanın aparıcı araşdırma mərkəzləri, strateqlər və politoloqlar ötən ilin ortalarından etibarən Azərbaycanın İranda baş verən mümkün proseslərə hazır olmasının vacibliyini vurğulayırlar. Bu çağırışlar fonunda belə bir ehtimal irəli sürülür ki, Azərbaycan bu ssenarilərə qarşı hazırlıqlara indiki dövrdən deyil, təxminən 5 il əvvəl başlayıb.
Məhz bu amillər nəzərə alındıqda, ekspertlər quru sərhədlərin yaxın vaxtlarda açılacağı ilə bağlı nikbin gözləntilərin real olmadığını bildirirlər. Azərbaycanın təhlükəsizlik prioritetləri hazırda iqtisadi və sosial itkilərdən daha üstün tutulur və bu balans dəyişmədiyi müddətdə sərhədlərin açılması ehtimalı aşağı qiymətləndirilir.
