Azərbaycan.media xəbər verir ki, Azərbaycanda icbari tibbi sığorta sistemi çərçivəsində özəl tibb müəssisələrinə göndərişlərin faktiki dayandırılması və bunun nəticəsində vətəndaş hüquqlarının kütləvi şəkildə pozulması ciddi narazılıq doğurur. Mütəxəssislər bildirir ki, sistemdə formalaşmış “qapalı dövrə” prinsipi vətəndaşların sağlamlığını birbaşa risk altına alır, seçim imkanını və xidmət keyfiyyətinə zəmanəti aradan qaldırır.
Qanunvericiliyə əsasən, vətəndaşların əməkhaqqından icbari tibbi sığorta haqqı tutulur və bu vəsait onların tibbi xidmət almaq üçün əvvəlcədən ödədiyi haqq hesab olunur. Lakin mövcud praktikada sığorta haqqını ödəyən vətəndaşa həkim və tibb müəssisəsi seçmək imkanı verilmir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in əsasən dövlət xəstəxanalarını maliyyələşdirməsi özəl sektorun prosesdən kənarda qalmasına səbəb olur, bu isə rəqabət mühitini zəiflədir.
Məlumatlara görə, dövlət tibb müəssisələrindən özəl klinikalara göndəriş verilməsi qeyri-rəsmi göstərişlərlə məhdudlaşdırılıb. Nəticədə vətəndaşlar həftələrlə poliklinikalarda növbələrdə gözləməyə, təkrar-təkrar müayinələrdən keçməyə məcbur qalır. Bu proses həm vaxt itkisinə, həm də dövlət büdcəsinin səmərəsiz xərclənməsinə gətirib çıxarır.
Ekspertlər qeyd edir ki, ilkin səhiyyə xidməti sistemi əslində xəstəxana yükünü azaltmalı olduğu halda, Azərbaycanda “divar” rolunu oynayır. İxtisaslaşmış həkimlərin qoyduğu diaqnozların poliklinika səviyyəsində şübhə altına alınması tibbi iyerarxiyanın pozulması kimi qiymətləndirilir və pasiyentlərin sağlamlığına əlavə risk yaradır.
Beynəlxalq təcrübədə isə (Türkiyə, Almaniya, Kanada və s.) vətəndaşa seçim hüququ verilir: o, özəl tibb müəssisəsinə müraciət etdikdə sığorta standart paketi qarşılayır, pasiyent isə yalnız fərq məbləğini ödəyir. Azərbaycanda bu mexanizm işləmədiyindən, vətəndaş özəl klinikaya üz tutduqda bütün xərci cibindən ödəməli olur ki, bu da faktiki olaraq ikiqat maliyyə yükü yaradır.
Məsələ ilə bağlı Hesablama Palatasının açıqladığı audit nəticələri də diqqət çəkir. Belə ki, İcbari tibbi sığorta fondunun 2023–2024-cü illər üzrə icrası ilə bağlı auditdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə uyğun olmadığı qeyd olunub. Auditə əsasən, müvafiq göndəriş olmadan özəl tibb müəssisələrinə 4,2 milyon manat vəsait köçürülüb, ümumilikdə 14 özəl tibb müəssisəsinə iki il ərzində 4,27 milyon manata yaxın ödəniş edilib.
Hesabatda həmçinin icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin hansı xərcləri əhatə etməsi mexanizminin hüquqi və metodoloji əsaslarının təqdim olunmadığı, satınalma prosedurlarında və dərman təminatında da nöqsanlara yol verildiyi vurğulanır.
Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət sistemin əsas məqsədindən – vətəndaşa keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdən uzaqlaşdığını göstərir və islahatların zəruriliyini bir daha gündəmə gətirir.
