Azərbaycan.media saytının nəzdində yayımlanan “Musiqili dəqiqələr” rubrikasında tanınmış bəstəkar, musiqişünas və aranjımançı Natiq Qəzənfəroğlu ilə söhbətimizdə onun yaradıcılıq yolu, efirlərdə az görünməsinin səbəbləri, Azərbaycan musiqisinin bu günü və sabahı, klassik irsə münasibət, kino musiqisinə sevgisi və illərdir sevilən əsərləri ətrafında maraqlı fikirlər səsləndi. Uzun illərdir musiqi sənətində öz dəst-xətti ilə seçilən bəstəkar səmimi etirafları və prinsipial mövqeyi ilə diqqət çəkdi.

– Natiq müəllim, sizin üçün yaradıcılıq nə deməkdir və onu necə izah edərdiniz?
– Yaradıcılıq insanın daxili aləmindən gələn bir prosesdir. Mən də daim müəyyən yaradıcılıq işləri ilə məşğulam. Yaradıcılığım davam edir və müğənnilər müraciət edəndə çalışıram ki, onların zövqünə uyğun musiqilər yazım, amma öz yaradıcılıq xəttimdən çıxmamaq şərti ilə.
– Son dövrlər efirlərdə az görünürsünüz. Bunun səbəbi nədir?
– Son dövrlər doğrudan da az görünürəm, amma bunun ciddi bir səbəbi yoxdur. Əgər televiziyadan və ya radiodan dəvət alıramsa, heç vaxt etiraz etmirəm. Məmnuniyyətlə görüşə gedirəm. Ümumiyyətlə, televiziyalara və radiolara böyük hörmətim var, çünki özüm də vaxtilə Azərbaycan Televiziyasında və Radiosunda çalışmışam.
– Yaradıcılığınızın efirlərə çıxmasına mane olan nələrdir?
– Mənim musiqi dünyam tamam başqa xətt üzərində qurulub. Bu gün gündəmdə olan janrlar mənim üslubumdan fərqlidir. Ola bilsin ki, efirlərdə tez-tez görünməməyimin əsas səbəbi budur. Mən özümü orta nəsil bəstəkarı hesab edirəm. Mənim nəsilimdən əvvəl böyük nəsil var, sonra isə gənclər gəlir. Hər nəsil öz xətti ilə musiqi tarixində iz qoyur və mən də çalışıram ki, bu prosesdə boşluq yaranmasın.
– Müğənnilərin ifa etdikləri mahnıların melodiyasını öz istəklərinə uyğun şəkildə dəyişməsi nə dərəcədə düzgündür?
Bu məsələ musiqidə ən çox müzakirə olunan və eyni zamanda ən həssas mövzulardan biridir. Çünki melodiya sadəcə texniki bir səs ardıcıllığı deyil, bəstəkarın daxili aləminin, hisslərinin və ilhamının nəticəsidir. Əgər melodiya Allahdan gələn bir ilham kimi qəbul edilirsə, bu zaman onun toxunulmazlığı daha da önəmli olur. Hər bəstəkarın illər ərzində formalaşmış özünəməxsus üslubu, melodik düşüncə tərzi və musiqi dili var. Məhz bu fərqliliklər bəstəkarı digərlərindən ayırır və onun yaradıcılıq imzasını müəyyənləşdirir.
Müğənni melodiyanı dəyişmək istədikdə isə bu fərdi ifadə risq altına düşür. Dinləyici artıq bəstəkarın nə demək istədiyini deyil, ifaçının melodiyaya etdiyi subyektiv müdaxiləni eşidir. Nəticədə əsərin orijinal ruhu zəifləyə, bəstəkarın musiqidə qoyduğu əsas xətt itə bilər. Bu isə təkcə bir mahnının deyil, ümumilikdə musiqi mədəniyyətinin dəyərinə zərər vurur.
Aranjimanda yeniliklər etmək, musiqini zənginləşdirmək və müasir səslənişə uyğunlaşdırmaq mümkündür və bu, normal yanaşmadır. Lakin bu yeniliklər əsas melodiyanı dəyişmədən, onun mahiyyətinə toxunmadan həyata keçirilməlidir. Əsas melodiya qorunmalıdır ki, bəstəkarın fikri, hissi və musiqi ideyası olduğu kimi dinləyiciyə çatsın.
Bu prinsip yalnız müasir estrada və müəllif mahnılarına deyil, xalq mahnılarına da aiddir. Xalq mahnıları nəsillər boyu formalaşmış milli-mədəni irsdir. Onların melodiyasını dəyişmək təkcə musiqiyə deyil, həm də xalqın yaddaşına müdaxilə deməkdir. Melodiya dəyişdikcə, mahnının tarixi və ruhu da dəyişir.
Üstəlik, müğənnilər repertuarlarını çox vaxt başqa bəstəkarların əsərləri hesabına qururlar və məhz bu melodiyalarla tanınırlar. Belə olan halda bəstəkarın öz melodiyasını qorumaq üçün mövqeyini açıq şəkildə ortaya qoyması tam haqlıdır. Çünki yalnız bəstəkarın yaratdığı əsas melodiyaya hörmət edildikdə musiqinin özünəməxsusluğu, orijinallığı və yaradıcılıq dəyəri düzgün şəkildə qorunmuş olur.
– Azərbaycan musiqisinin indiki vəziyyəti və gələcəyi barədə nə düşünürsünüz?
– Azərbaycan musiqisi son dərəcə zəngindir, təməlində muğamlarımız dayanır. Son dövrlər bəzi mahnılar əsasən Avropa ladları üzərində qurulur. Burada qorxulu bir şey yoxdur, amma oxşar harmoniyaların çoxalması musiqinin məhdudlaşmasına səbəb ola bilər. Bizim muğamlarımızdan, milli ladlarımızdan daha geniş istifadə olunmalıdır. Hər bəstəkarın yaradıcılığında onun vizit kartına çevrilən əsərləri olur.
– Natiq müəllim, əvvəlki cavabınızda deyirdiniz ki, hər bəstəkarın yaradıcılığında onun “vizit kartı”na çevrilən əsərləri olur. O zaman sizə belə bir sual ünvanlayım: Siz hansı musiqi və mahnılarla yadda qalmısınız?
– Mənim “Darıxıram” mahnım NM qrupunun ifasında məşhurlaşdı. “Bəyaz Həyat” serialı üçün yazdığım musiqilər Səbinə Babayevanın ifasında tamaşaçıların yaddaşında qaldı. Musiqilərim çoxdur, amma hər birinə ürəklə yanaşıram. Tez-tez yazmıram, yalnız ilham gələndə, gözəl bir şeir olanda bəstələyirəm.
– Kino musiqisinə münasibətiniz necədir?
– Kino musiqisi mənə böyük zövq verir. Bir neçə seriala musiqi bəstələmişəm. Dostum Faiq Kərimoğlunun 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Zəfər” filmi üçün yazdığım musiqilərin filmin ruhuna uyğun olduğunu düşünürəm.
– Əsərləriniz hansı ifaçılar tərəfindən sevilərək səslənir?
– İlqar Xəyal uzun illərdir “Mələyim” mahnımı ifa edir. Artıq 20 ilə yaxındır ki, sevilir. Əziz dostum Eyyub Yaqubov isə beş mahnımı ifa edib, o cümlədən mərhum Hacı Arif Buzovnalının sözlərinə yazılmış, Allaha ithaf olunan “Sənsən” mahnısını. Mikayıl Müşfiqin sözlərinə bəstələdiyim “Maralım” da geniş populyarlıq qazanıb.
– Zəfər gününün 5 illiyinə hazırladığınız “Vətən üçün doğulanlar” adlı kompozisiyanı bizə tanıda bilərsiniz? Kimlər layihədə iştirak edib?
– Musiqisi və aranjimanı mənə, sözləri isə Fuad Biləsuvarlıya, mister kastinqi isə Vüsal Ömərova məxsusdur. Mən bəstəkaram, amma müğənni kimi oxuya bilmirəm. Elə məqamlar var idi ki, Fərqanə xanım oxuyub, Alim müəllimə melodiyanı daha yaxşı çatdıra bilirdi. Kompozisiyanın melodiyasına Fərqanə xanım da, Tamilla xanım da öz fikirlərini bildirdi və bu, bizə çox kömək etdi. Gözəl aktrisa və qiraətçi Mehriban xanım Zəki də proyektimizdə möhtəşəm iştirak etdi, qiraəti əntiqə idi. Sevimli aktrisa Dilarə xanım da bizə dəstək oldu və əsərimizi ən baxımlı kanalda Arb kanalında ən baxımlı “Söhbət var” verilişində xalqa çatdıra bildik.

– Fərqanə xanım bu işdə sizə necə kömək etdi?
– Sağ olsun Fərqanə xanım, melodiyanı Alim müəllimə düzgün çatdırmaqda bizə çox kömək etdi. Bundan sonra sizə də dərin minnətdarlığımı bildirirəm; çox sevindim ki, sizin kimi yaradıcı və istedadlı insanla tanış olduq və yaradıcılıq işbirliyimiz başladı. Əvvəl rəhmətlik Hacı Şahin üçün kompozisiya yaratdıq. Şeirini də Xalq artisti, sevilən aktyor Rasim Balayev qiraət etdi. İnşallah, bu işbirliyimiz davam edəcək.


– Musiqilərinizin başqaları tərəfindən ifa olunması sizi nə dərəcədə məmnun edir və bunu necə ifadə edirsiniz?
– Bəli, musiqilərimin başqaları tərəfindən ifa olunması məni çox məmnun edir və bu münasibətlə bütün dostlarıma, müğənnilərə, eləcə də instrumental ifaçılara hər zaman minnətdarlığımı bildirirəm. Onlar mahnılarımı mənim istədiyim ruhda və səviyyədə xalqa təqdim ediblər. Qeyd edim ki, “Bakının bir günü” adlı instrumental kompozisiyam da var. Bu əsəri 2000-ci illərdə bəstələmişdim. Son illərdə istedadlı qarmon ifaçısı Orxan Mirnatiqoğlu onu yenidən işləyərək klipini də çəkdirib. Açığı, ortaya çıxan nəticə çox xoşuma gəldi və buna görə ona xüsusi təşəkkürümü bildirirəm.
– Qarşıda hansı yeni layihələriniz var?
– İnşallah, yubileyimə hazırlıq çərçivəsində tanınmış müğənnilər və instrumental ifaçılar üçün yeni musiqilər bəstələyirəm. Həmçinin gənc ifaçılar üçün də yeni əsərlər hazırlanır. Qarşıda yeni layihələr var. Allah vəfa eləsin, hələ yaşayaq, yarada bilək, hamımız sağlam olaq ki, yeni işlərimizi təqdim edə bilək.
– Musiqi bəstələdiyiniz digər filmlər və seriallar hansılardır?
– Mən yalnız “Bəyaz həyat” serialına musiqi bəstələməmişəm. Həm də “Günəşim ol”, “Sən olmasaydın”, seriallara, “Kişiləri qoruyun” tammetrajlı filmə, həmçinin “Zəng” filminə musiqi bəstələmişəm. Rejissoru Şərif Qurbanəliyevdir. Sağ olsunlar, mənə müraciət etdilər.


– Hər bir yaradıcı şəxsin özünəməxsus ilham mənbəyi olur. Bəs bəstəkar Natiq Qəzənfəroğlu üçün yaradıcı ilham mənbəyi varmı?
– Fuad bəy, mənim bibim oğlu Xalq rəssamı, professor Arif Əziz mənim kumirim olub. Emalatxanasına getmişəm və iş prosesində ondan çox şeylər öyrənmişəm. Yaradıcılıqda ilham mənbəyim odur. Arif müəllim hələ 82 yaşında olmasına baxmayaraq, fəaliyyətini davam etdirir, şəkillər çəkir, əsərlər yaradır. Yeri gəlmişkən, Arif müəllimə həsr etdiyim bir kompozisiya da var; onu öz saytında yerləşdirib. Mənim musiqilərimə çox üstünlük verir.
Yekun
Natiq Qəzənfəroğlunun fikirlərindən də göründüyü kimi, onun yaradıcılığı dəbə deyil, zamana və dəyərə hesablanıb. Bəstəkar üçün əsas meyar ilham, səmimiyyət və musiqiyə hörmətdir. Klassik irsə sədaqət, milli musiqi düşüncəsi və peşəkarlıq onun yaradıcılıq fəlsəfəsinin əsas sütunlarıdır. Bu müsahibə bir daha sübut edir ki, səssiz, təvazökar, amma dərin yaradıcılıq həmişə öz sözünü deməyi bacarır.
Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
