🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nizami Cəfərov: Osman Sarıvəl­li – yüz ili bir ömrə sığdıran şair

Azərbaycan.media xəbər verir ki, akademik Nizami Cəfərov Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Osman Sarıvəllinin anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş geniş məqalə qələmə alıb.

Müəllif yazıda Osman Sarıvəllinin məşhur “Hər kim yüz il yaşamasa, günah onun özündədir” misrasını xatırladaraq bildirir ki, şair fiziki olaraq 85 il yaşasa da, mənəvi və yaradıcılıq baxımından bir neçə əsri əhatə edən zəngin ömür yolu keçib. Nizami Cəfərovun fikrincə, burada “yüz il” anlayışı sadəcə uzunömürlülük deyil, həyatı bütün ağrısı, sevinci və təlatümləri ilə dərin-dərin yaşamaq mənasını daşıyır.

Məqalədə Osman Sarıvəllinin xalqın etnoqrafik dəyərlərinə bağlılığı xüsusi vurğulanır. Qeyd olunur ki, onun xəlqiliyi, milliliyi və sadəliyi həm həyatında, həm də poeziyasında əsas xətt olub. Paradoksal məqam kimi isə şairin uzun illər Azərbaycan Yazıçılar İttifaqının ilk partiya təşkilatına rəhbərlik etməsi göstərilir. Buna baxmayaraq, o, heç vaxt milli kimliyindən və mənəvi dəyərlərindən uzaq düşməyib.

Yazıda Osman Sarıvəllinin 30-cu illərin repressiya dövründə yaşadığı sarsıntılar, ailəsinin sürgün təhlükəsi ilə üzləşməsi, həyat yoldaşı Səyalı xanım və onun ailəsinə sahib çıxması da xatırladılır. Müəllif qeyd edir ki, bu hadisələr şairin ömrü boyu “gözükölgəli” yaşamasına səbəb olsa da, onun xarakterindəki mərdlik və ləyaqəti sarsıda bilməyib.

Nizami Cəfərov Osman Sarıvəllinin yaradıcılıq irsinə də geniş yer ayırır. “Dəmir sətirlərim”, “Bənövşə”, “Gətir, oğlum, gətir”, “Hər kim yüz il yaşamasa”, “Kür qırağında” və digər kitablarının nikbin ruhu, həyat eşqi ilə seçildiyini vurğulayır. Məqalədə həmçinin şairin sovet dövründə “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı”, “Xalqlar dostluğu” və “Oktyabr inqilabı” ordenlərinə layiq görülməsi də xatırladılır.

Akademik yazıda Osman Sarıvəllinin Səməd Vurğunla dostluğuna, bu böyük şairin ədəbi irsini qorumaq və müdafiə etmək missiyasını özünə borc bilməsinə də toxunur. Qeyd olunur ki, Bəxtiyar Vahabzadə də etiraf edib ki, onların nəsli üçün Osman Sarıvəllinin təsiri Səməd Vurğundan sonra ikinci mühüm amil olub.

Məqalədə maraqlı xatirələr, ədəbi mühitdə baş vermiş hadisələr, Osman Sarıvəllinin yumoru, həyat fəlsəfəsi və poeziyasının xalq ruhundan qidalanması faktlarla təqdim olunur. Xüsusilə “Gətir, oğlum, gətir” şeirinin müharibə illərində yazılmasına baxmayaraq, milli-mənəvi dəyərlərin daşıyıcısı kimi səsləndiyi vurğulanır.

Yazının sonunda müəllif qeyd edir ki, Osman Sarıvəlli vəsiyyətinə uyğun olaraq doğma Qazax torpağında dəfn olunub və bu, onun yurduna bağlılığının son ifadəsi olub. Nizami Cəfərov yazını nikbin notla tamamlayaraq, Osman Sarıvəllinin poeziyasının bu gün də oxucu üçün işıq, çıraq olduğunu bildirir.