🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını müzakirə edir

Azərbaycan.media xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını araşdırır və mübadilə üçün nəzərdən keçirir.

“Hazırda proseslər davam edir – Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcəkləri potensial mal siyahılarını mübadilə edir”, – Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, hökumət Azərbaycan benzinini kimin alacağını müəyyən edərkən bazarın əvvəlcədən araşdırıldığını nəzərə alıb və bu fürsət siyasi oyuna çevirməyəcək iş adamlarına təqdim edilib.

Paşinyan vurğulayıb ki, Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana daxil olarkən bəzi erməni pərakəndə satıcılar həmin benzini satmaqdan imtina ediblər. Lakin bir neçə göndərişdən sonra bazarın və imkanların hər kəs üçün açıq olacağı, istəyən hər kəsin Azərbaycan benzinindən yararlana biləcəyi aydın olacaq.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycanın Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcəyi açıqlanıb. Ötən ilin dekabrında isə ilk dəfə 1200 ton neft məhsulları Gürcüstan vasitəsilə Ermənistana daşınıb.