De ki
Gördün darıxırsan, məni xatırla,
aç bax səndə qalan xatirələrə.
Çəpəki süzməmi, iynə sözləri
de ki – unutmaram, gülüşün haqqı.
And iç ayaqlarım dəyən yollara,
de ki – yığmayacam gözümü yoldan.
And olsun yollarda qalan şəklinə,
ta ki gələnəcən, gəlişin haqqı.
De ki – tanıyacam addım səsindən,
ürəyim çıxacaq tappıltısına.
Pillələr öpəcək ayaq izindən,
and olsun, and olsun yerişin haqqı.
De ki – hələ nəmdi öpdüyüm yerlər,
de ki – soyumayıb canımdan istin.
De ki – yastığmda telim qalıbmış,
dodağımda qalan öpüşün haqqı…
Serenada
Səndən bir şey istəyəcəm,
amma söz ver, gülmə, gülmə.
Arada yuxuna gəlim,
sən də guya bilmə, bilmə.
Darıxanda mesaj yazsam,
“oxunmayıb” oxun atsan,
mən də cavabçın ağlasam,
mesajımı silmə, silmə!
Bir gün eşitsən ölmüşəm,
səndən izinsiz köçmüşəm,
xəbər göndər incimisən,
ağla, amma gəlmə, gəlmə …
Hər gün mənə şeirlər yaz,
şəklimi sətirlərə qaz,
biraz, çox yox, elə biraz,
darıx, amma ölmə, ölmə …
Gəl
Tamarzıyam səndə qalan günlərə,
bir qucaqlıq, bir sinəlik ölüm, gəl.
Həsrət adlı xərçəng sardı canımı,
ağrılara, acılara gülüm, gəl.
Coşub yenə içimdəki qəm, daşır,
al əlimdən bu kədəri sən daşı.
Yüküm ağır, yolum çətin, mən naşı,
gəl tufanım, gəl yağışım, selim, gəl.
Sən gedəli lal olmuşam, susuram,
xoş günlərim parça-parça, qusuram.
Tapdanmaqdan sınıq-sökük hasaram,
gəl dodağım, gəl ağzımda dilim, gəl.
Əcəl gəldi qapım döydü dünən də,
“gəl al” ‐ dedim həm cismimi, mənən də.
İtirmişəm vətənimi sinəndə,
yurdum-yuvam, kənd-kəsəyim, elim, gəl…
Müəllif: Aidə ADIGÖZƏL
Mənbə: Azərbaycan.media
