Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 320 kvadratmetr olan hamamın sauna hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun genişlənərək digər otaqlara keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan saunanın 50 kvadratmetr hissəsində taxta üzlük yanıb, yüksək temperatur səbəbindən daha 70 kvadratmetr sahədə taxta üzlük deformasiyaya uğrayıb.
Hamamın digər hissələri yanğından mühafizə olunub.
