Azərbaycan.media xəbər verir ki, süni intellektin yaratdığı əsas risk texniki deyil, psixoloji xarakter daşıyır. Bu fikirləri Nobel mükafatı laureatı, tanınmış fizik Saul Perlmutter Norveç Mərkəzi Bankı İnvestisiya Fondunun baş direktoru Nikolay Tangenlə podkast müsahibəsində səsləndirib.
Alim bildirib ki, süni intellekt insanlarda müəyyən mövzuları əslində dərindən anlamadan öyrəndikləri təəssüratı yarada və yalançı inam formalaşdıra bilər. Onun sözlərinə görə, bu xüsusilə tələbələr və məlumatla intensiv işləyən mütəxəssislər üçün ciddi risklər yaradır.
Kainatın genişlənməsinin sürətləndiyini kəşf etmiş Perlmutter vurğulayıb ki, süni intellekt cavablarını çox vaxt həddindən artıq inamlı tonda təqdim edir. Bu isə istifadəçilərdə tənqidi düşüncənin zəifləməsinə səbəb ola bilər.
Alimin fikrincə, süni intellektin insanın zehni əməyini çox erkən mərhələdə əvəz etməsi təhlükəlidir. Bu vəziyyət insanların müstəqil analiz aparmaq və problemləri həll etmək bacarıqlarını zəiflədə bilər.
Saul Perlmutter qeyd edib ki, çıxış yolu süni intellektdən imtina etmək deyil. Əksinə, bu texnologiya düşüncəni əvəz edən deyil, onu dəstəkləyən və gücləndirən bir vasitə kimi istifadə olunmalıdır. O, həmçinin süni intellektdən əldə olunan məlumatların mütləq sorğulanmalı, səhv ehtimalının daim nəzərə alınmalı olduğunu və elmi yanaşmanın əsas prinsip kimi qorunmasının vacibliyini vurğulayıb.
