Azərbaycan.media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrin optimallaşdırılması məqsədilə bir sıra elmi institutlar birləşdirilib və yeni publik hüquqi şəxslər yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutunun bazasında yeni Riyaziyyat İnstitutu yaradılıb.
Bildirilir ki, yeni təsis edilən publik hüquqi şəxsə direktor əvəzi artıq təyin olunub. Bu vəzifə texnika elmləri doktoru əvəzi Elxan Səbziyevə həvalə edilib.
Qərarla əlaqədar olaraq, keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru və tez-tez qalmaqallı açıqlamaları ilə medianın diqqət mərkəzində olan Misir Mərdanov vəzifəsini itirib.
Eyni zamanda, keçmiş rabitə və informasiya texnologiyaları naziri, texnika elmləri doktoru, professor Əli Abbasov da vəzifəsi ilə vidalaşıb. O, indiyədək İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsində çalışırdı.
Qeyd olunur ki, aparılan struktur islahatlarının əsas məqsədi elmi fəaliyyətin səmərəliliyinin artırılması və idarəetmənin daha çevik qurulmasıdır.
