🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağadadaş Ağayevin keçmiş xanımının iddiası rədd edildi – məhkəmə barışıq sazişini qüvvədə saxladı

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Ağadadaş Ağayevin keçmiş həyat yoldaşı Lalə Əliyeva məhkəməyə müraciət edərək, 2018-ci ildə tərəflər arasında bağlanmış barışıq sazişinin etibarsız sayılmasını tələb edib.

Lalə Əliyeva iddia ərizəsində bildirib ki, boşanmadan sonra birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi ilə bağlı məhkəməyə üz tutub. O, Ağadadaş Ağayevə qarşı iddia qaldıraraq “Büsat” şadlıq sarayının, “Vüsal” kafesinin və idman kompleksinin birgə nikah dövründə əldə olunduğunu əsas gətirərək onların bölünməsini istəyib.

Qeyd edilib ki, tərəflər arasında 7 il əvvəl təsdiqlənmiş barışıq sazişinə əsasən, Lalə Əliyeva Mərdəkanda yerləşən villadan və digər əmlak hüquqlarından imtina edib. Bunun müqabilində Ağadadaş Ağayev bankdan götürülmüş 86 min 716 ABŞ dolları və 14 min 299 manat məbləğində kredit borclarını ödəməyi öhdəsinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.

Lalə Əliyeva məhkəmədə bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızları üçün alınıb və 2003-cü ildə onların doğum günündə hədiyyə olaraq evin təməli qoyulub. Onun sözlərinə görə, 2018-ci ildə keçirilən məhkəmə prosesində Ağadadaş Ağayev kredit borcunun ödəniləcəyini və evin gələcəkdə qızlarına bağışlanacağını vəd edib.

Keçmiş xanım iddia edib ki, birinci qrup əlil qızı, nəvələri və ailəsi ilə evsiz qalmamaq qorxusu, eləcə də qarşı tərəfin verdiyi vədlərə inanması səbəbindən barışıq sazişini imzalamağa məcbur olub. Lakin zaman keçməsinə baxmayaraq, Xalq artistinin vədlərinə əməl etmədiyini, əksinə, qızına veriləcəyi deyilən bağ evini indiki həyat yoldaşının adına keçirdiyini bildirib.

Bu əsaslarla Lalə Əliyeva 2018-ci il tarixli qərardadla təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlib. Qərarda qeyd olunub ki, barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüququnu tanıyıb və həmin əmlakdan könüllü şəkildə imtina edib. Bu səbəbdən saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün hüquqi əsas hesab olunur.

Məlumata görə, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də onun nümayəndəsi iştirak edib. Buna baxmayaraq, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayıb.